Yüksək texnologiya istehsal edən Fokskonn şirkəti Çindəki fakriklərinin şəraitini yaxşılaşdırmağa razı olub.Bu fabriklərdə ABŞ-ın Apple korporasiyasının iPhone və digər cihazları istehsal olunur.
Fokskonn rəsmiləri bildirib ki, şirkət işçilərinin əmək haqqını artıracaq və əlavə iş saatlarını azaltmaqla yanaşı, işçilərinin həyat şəraitini yaxşılaşdırmağa çalışacaq.
Bu dəyişikliklər Amerikanın monitorinq qrupu - Ədalətli Əmək Assosiasiyasının hesabatından sonra açıqlanıb. Hesabatda şirkətinin Çindəki əmək qanun və nizamnamələrini pozması barədə detallı məlumat verilib.
Qanun pozuntularına işçilərin həftə ərzində 60 saat və ya çox işləməsi daxildir. Çin qanunlarına görə, iş vaxtı 49 saatla məhdudlaşmalıdır. Bundan başqa işçilər heç bir təzminat ödənmədən günlərlə fasiləsiz işləyə vadar edilib.
Apple Fokskonn zavodunun bir neçə işçisinin intihar etməsi barədə məlumat yayılandan sonra təhqiqat aparılmasına çağırıb. Yeni hesabat şirkətin 3 zavodundan 35000 işçi arasında keçirilən sorğu əsasında hazırlanıb. Şirkət iPad və iPod da daxil olmaqla, Apple-ın cihazlarını istehsal etmək üçün Çində 1 milyona yaxın insanı işlə təmin edib.