Çin Əfqanıstandakı münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına kömək etmək üçün diplomatik səylərini yeniləyərək müharibə edən əfqanlar arasında sülh danışıqları aparmağa hazır olduğunu açıqlayıb.
Xarici İşlər naziri Van Yi əfqan həmkarı Məhəmməd Hənif Atmar və Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə telefon danışıqlarında sülh perspektivlərini müzakirə edib.
Pekin ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının xaosa gətirib çıxaracağı və ölkənin islamçı militantlara sığınacağa çevrilə biləcəyindən getdikcə daha çox narahatdır.
"Çin Əfqanıstandakı müxtəlif tərəflər arasında daxili danışıqları, o cümlədən Çində danışıqlar üçün lazımi şəraitin yaradılmasını asanlaşdırmağa hazırdır" - deyə, Çinin Xarici İşlər Nazirliyi Vanın Mohibə söylədiyi bildirilib.
ABŞ Prezidenti Co Bayden keçən ay Əfqanıstandakı “əbədi müharibəni” bitirmə vaxtının gəldiyini elan etmişdi və orada qalan 2500 nəfər Amerika əsgərinin mayın 1-dən başlayaraq 11 sentyabr tarixinədək ölkəni tərk etməsinə dair sərəncam imzalamışdı.
NATO müttəfiqləri də Baydenin qərarına uyğun olaraq ölkədən təxminən 7000 əsgərini çıxarır.
Pekin həm Taliban, həm də Əfqanıstan hökuməti ilə sıx əlaqə saxlayır.
Son günlərdə Van Vaşinqtonu ABŞ-ın "tələsik" qoşun çıxarılması kimi xarakterizə etdiyi addıma görə daha çox tənqid edib və bunun Əfqanıstanda sülh prosesinə xələl gətirdiyini və "regional sabitliyə mənfi təsir göstərdiyini" iddia edib.
Çinin baş diplomatı bazar ertəsi Mohiblə danışarkən tənqidlərini təkrarlayıb və Əfqanıstanda “rəvan keçidi təşviq etmək” üçün sülh prosesinin irəliləməsinin vacibliyini vurğulayıb.