ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin işğəncə tətbiq etməsilə bağlı hesabat açıqlayıb

ABŞ Senatı Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorçuluqda şübhəli bilinənlərə qarşı dindirilmə zamanı işgəncə tətbiq etdiyini bildirib.

Senatın Kəşfiyyat Komitəsinin bu gün açıqladığı hesabatda Mərkəzi Kəşfiyyat Agentliyinin terror şübhəliləri ilə düzgün rəftar etmədiyi, Konqres və Amerika xalqına tətbiq edilən üsulların effektivliyi ilə bağlı doğru məlumat vermədiyi deyilir. Bu üsullara bağlı mühitdə saxlanma, yuxudan məhrum edilmə və boğulmanın imitasiyası daxildir.

Hesabatı açıqlayan senator Dayan Faynşteyn bunun Mərkəzi Kəşfiyyat Agentliyinin saxlanılanlara işgəncə verdiyini deməyə əsas verdiyini bildirib. “Mərkəzi Kəşfiyyat Agentliyinin hərəkətləri bizim dəyərlərimiz və tariximizdə bir ləkədir”-deyə senator Faynşteyn bildirib.

Prezident Barak Obama 2009-cu ildə hakimiyyətə gələndən sonra ciddiləşdirilmiş dindirilmə üsullarını qadağan edib. Bu üsullar 2001-ci il sentyabrın 11-də 3 min insanın ölümünə səbəb olmuş terror hücumlarından sonra onun sələfi prezident Corc Buş tərəfindən səlahyyətləşdirilmişdi.

Hesabatın açıqlanmasından sonra Mərkəzi Kəşfiyyat Agentliyinin hazırkı direktoru Con Brennan 10 il bundan əvvəl terror şübhəlilərinin dindirilməsi zamanı müəyyən olunmuş yüksək standartlara hər zaman əməl etmədiyini etiraf edib.

Lakin o, Mərkəzi Kəşfiyyat Agentliyinin bu səhvlərdən nəticə çıxardığını deyib. O, Senatın dindirilmə üsullarının qeyri-effektiv olmasına dair çıxardığı nəticə ilə razılaşmayaraq, əksinə bunun sayəsində hücum planlarının qarşısının alındığı, terrorçuların ələ keçirildiyi və insanların həyatının xilas edildiyini bildirib.