Tramp Çini ittiham edib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə mübahisədə Birləşmiş Ştatlara kömək üçün “heç nə” etmədiyi və “bunun belə davam etməsinə imkan verməyəcəyini” deyərək, Çini ittiham edib.

Tramp bunları “Twitter”də yazıb.

Prezident tvitlərində keçmiş ABŞ administrasiyalarını günahlandırıb ki, Pekinin yardım göstərməməsinə baxmayaraq, Çinə ticarət sövdələşmələrindən milyardlar qazanmağa imkan verilib.

“Çindən çox narazıyam. Keçmiş səfeh liderlərimiz onlara ticarətdən ildə milyardlarla dollar qazanmağa imkan verib. Ancaq bizim üçün Şimali Koreya ilə münasibətlərdə HEÇ NƏ etməyiblər. bunun davam etməsinə imkan verməyəcəyik. Çin bu məsələsi asanlıqla həll edə bilərdi!”, – o yazıb.

2016-cı ildə Birləşmiş Ştatların Çinlə ticarət defisiti 309 milyard dollar təşkil edib.

Tramp və dünyanın digər liderləri Çini dəfələrlə nüvə və ballistik raket proqramlarına görə Şimali Koreyaya təzyiq göstərməsinə çağırıb.

Çin dünən qitələrarası ballistik raketin buraxılmasına görə, Şimali Koreyanı qınayıb və ABŞ-la Cənubi Koreyanın kommunist ölkəsinə ünvanladığı tənqidlərinə qoşulub.

Vaşinqtonun və Seulun müdafiə rəsmiləri bildirirlər ki, qitələrarası ballistik raket dünən Şimali Koreyanın şimali hissəsində yerləşən Mupyonq sahəsindən buraxılıb. Raket 40-45 dəqiqə ərzində 3,000 kilometr hündürlüyə qalxaraq, 1,000 kilometrə yaxın məsafəni qət etdikdən sonra Yapon dənizinə, Yaponiyanın Hokkaydo adasından 160 kilometr məsafədə düşüb.

Raketin buraxılmasından sonra Ağ Ev, bəyanatında bildirib ki, Şimali Koreyanın raket sınağı ölkəni daha da çox təcrid edəcək “düşüncəsiz və təhlükəli bir addımdır.” Bəyanatda əlavə edilir ki, “ABŞ ölkənin və regiondakı tərəfdaşlarının təhülkəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.”

Şimali Koreyanın qitələrarası ballistik raket sınağına cavab olaraq, ABŞ və Cənubi Koreya nəzarətlərində olan su ərazilərinə bir neçə raket buraxıblar. Ordu rəsmiləri bildiriblər ki, raket əleyhinə müdafiə sistemi ehtiyac yarandığı halda, çox sürətlə işlək vəziyyətə gətirilə bilər.