Çinin dövlət mediasının bildirdiyinə görə, ölkənin şimal-qərb bölgəsindəki mədəndə baş verən sürüşmə zamanı 40 nəfər itkin düşüb.
Sinxua xəbər agentliyi torpaq sürüşməsinin bu gün səhər tezdən Şansi vilayətindəki Vuco daş kömür şirkətində baş verdiyini, beş yataqxananın və üç yaşayış evinin torpaq altında qaldığını bildirib.
Yerli rəsmilər hadisə yerinə yanğınsöndürənlərin, polis işçilərinin və xilasedicilərin göndərildiyini, azı 4 nəfərin dağıntılar altından çıxarıldığını deyib.
Çindən alınan digər xəbərdə isə deyilir ki, çərşənbə axşamı ölkənin cənub bölgəsindəki daş kömür mədənində baş verən qəza azı 10 nəfərin ölümünə səbəb olub.
Sinxua xəbər agentliyi qəzanın qaz sızması nəticəsində baş verdiyini və 56 şaxtaçının xilas edildiyini bildirib.