Ukraynanın işğal olunmuş bölgələrindən 50-yə yaxın uşaq Belarusa gətirilib

Belarus prezidenti Aleksandr Lukaşenko

Belarus dövlət mediası sentyabrın 19-da Moskvanın işğal etdiyi Ukrayna bölgələrindən Belarusa 48 uşağın gətirildiyini bildirib.

Uşaqlardan ibarət qrup işğal altındakı Donetsk, Luhansk və Zaporijye vilayətlərindən gəlib. Onların arasında 2022-ci ilin iyul ayında Rusiya ordusu tərəfindən işğal edilən şəhərlərdən olan uşaqlar var. Həmin ərazilər keçən ilin dekabrında Moskva tərəfindən qanunsuz ilhaq edilib. Buna baxmayaraq, Rusiya həmin ərazilərə tam nəzarət etmir.

Belarus dövlət xəbər agentliyi Belta tərəfindən yayımlanan fotoşəkillərdə ətrafında çevik polis qüvvələri olan uşaqlar Belarusun qırmızı-yaşıl rəngli dövlət bayrağını tutduqlarını görmək olub. Dövlət mediası uşaqların Belarus hakimiyyətinə təşəkkür etdikləri bildirir.

Uşaqların Ukraynadan çıxarılmasını əvvəllər də Belarusda ukraynalı uşaqların sağlamlığının bərpası proqramlarını həyata keçirən, prezident Aleksandr Lukaşenkonun dəstəklədiyi Belarus xeyriyyə təşkilatı təşkil edib.

Xeyriyyə təşkilatının rəhbəri Aleksey Talay Belta xəbər agentliyinə müsahibəsində "xaricdən təzyiqlərə baxmayaraq, prezident bu mühüm humanitar layihənin davam etməli olduğunu bildirib" deyib. O, "bütün Belarus xalqının Rusiyanın yeni ərazilərindəki bərbad şəhər və qəsəbələrdən olan uşaqlara yardım etmək" istədiyini bildirib.

Belarus hakimiyyəti uşaqlar haqqında ətraflı məlumat vermədiyi üçün onların kimsəsiz olub-olmadıqları və ya valideynlərinin razılığı olub-olmadan uzaqlaşdırıldıqları məlum deyil. Belarus rəsmiləri daha əvvəl Belarusun uşaqların Ukraynadan qeyri-qanuni çıxarılmasına yardım etdiyinə dair iddiaları təkzib etmişdi.

Belarus müxalifəti iyun ayında Beynəlxalq Cinayət Məhkəməsinə Ukraynanın Rusiya tərəfindən işğal edilmiş azı 15 şəhərindən 2100-dən çox ukraynalı uşağın Lukaşenkonun razılığı ilə Belarusa köçürüldüyünü göstərən materiallar təqdim edib.