Ramzan Kadırov 20 yaşlı qızını yüksək vəzifəyə təyin edib

Ramzan Kadirov qızı Xutmatla

Çeçenistanın rəhbəri Ramzan Kadırov 20 yaşlı qızı Xutmat Kadırovanı respublikanın səhiyyə sektorunun kuratoru vəzifəsinə təyin edib. Bu barədə məlumatı respublikanın hökumət administrasiyasının başçısı, Kadırovun kürəkəni Adəm Alxanov açıqlayıb.

Xutmat Kadırova yeni vəzifəyə təyin olunmazdan əvvəl respublika administrasiya katibliyinin rəis müavini vəzifəsində çalışıb.

"Onun nəzarəti altında olan reabilitasiya xidməti keyfiyyətcə yeni səviyyəyə çatıb. İndi Xutmat Kadırova biliyi və təcrübəsi ilə bütün tibb sənayesinin inkişafına töhfə verəcək" - deyə, Alxanov teleqram kanalında bildirib.

Kadırovun digər övladları da rəhbər vəzifələrdə çalışır. Məsələn, 24 yaşlı Ayşat Çeçenistanın mədəniyyət naziridir. Hökumət başçısı Alxanovun həyat yoldaşı, 23 yaşlı Hadizat Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiridir. Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Axmat Kadırov 2022-ci ildə Rusiya Uşaq və Gənclər Hərəkatının Çeçenistan bölməsinə rəhbərlik edib.

Bu ilin fevralın əvvəlində Kadırov 26 yaşlı qardaşı oğlunu Çeçenistan baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri təyin edib.

"Kavkaz.Reali"nin məlumatına görə, ümumilikdə Ramzan Kadırovun 100-ə yaxın qohumu müxtəlif vaxtlarda yüksək dövlət vəzifələrində çalışıb. Övladlarından başqa çox vaxt yüksək vəzifələri onun bacıları, kürəkənləri, qardaşı oğulları tutub.