Azərbaycan və Ermənistan altı həftə davam edən müharibədən sonra şiddətli döyüşlərə son qoymaq məqsədilə Rusiyanın vasitəçiliyi ilə saziş imzalayıb. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə yeni sazişə səbəb olan hadisələr və Minsk Qrupunun bundan sonrakı fəaliyyətindən bəhs edib.
Amerikanın Səsi: Səfir Uorlik, bildiyiniz kimi Azərbaycan, Ermənistan və Rusiya arasında yeni atəşkəs bəyanatı imzalanıb. Bu yeni bəyanatla bağlı fikirləriniz nədir?
Ceyms Uorlik: İlk öncə məni dəvət etdiyinizə görə təşəkkür edirəm.
Bizim razılıqla bağlı çox məlumatımız yoxdur. Bu, atəşkəs razılığından daha böyük bir şeydir. Bu, həll yolu üçün bir çərçivədir. Mən hələ ki, prezident Putinin bəyanatını görmüşəm, amma bu təkcə xülasə idi və bizə daha çox məlumat lazımdır.
Belə görünür ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında böyük əraziləri alıb və bu quruluş Azərbaycana həmin ərazilərə geri dönməyə, Dağlıq Qarabağdakı ermənilərin isə Stepanakertdə (Xankəndi) və Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qalmağa davam etməyə, həmçinin Ermənistanla birləşən dəhlizin yaradılmasına imkan verir.
Amerikanın Səsi: Razılığa səbəb olan hadisələrin gedişatı sizi təəccübləndirdimi?
Ceyms Uorlik: Biz danışıqların aparıldığını bilirdik. Xüsusilə də Xarici işlər naziri Lavrov regionla bağlı çox məlumata sahibdir. O və həmsədrlər aktiv şəkildə tərəfləri həll yolu tapmaq üçün bir araya gətirməyə çalışırdılar. Fikrimcə, bu nöqtədə ən önəmli şey yerdə sülhə nail olmaq və daha genişmiqyaslı münaqişənin qarşısını almaq idi.
Hələlik belə görünür ki, bu quruluş bunu təmin edəcək. Ümid edirəm ki, biz daha genişmiqyaslı müharibəyə şahid olmayacağıq və bu quruluş əsasında danışıqllar irəliləyə bilər.
Amerikanın Səsi: Sizcə, son irəliləyişlərdən sonra ATƏT-in Minsk Qrupunun rolu nə olacaq? Sizcə, Minsk Qrupu öz aktuallığını qoruyub saxlayacaqmı?
SEE ALSO: Ali Nümayəndə: Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməkdə davam edirCeyms Uorlik: Məncə saxlayacaq. Əslində sülhün təkcə Moskva tərəfindən təmin olunmaması mühümdür. Bunun arxasında beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT dayanmalıdır.
Həmsədrlər də bu razılığın detallarının üzərində işləyərkən, tərəflərin bir araya gətirilməsində rol oynamalıdırlar. Bunun bir çox komponenti var, o cümlədən etimad yaratmaq tədbirləri, xalqlararası proqramlar, qaçqınların yenidən yerləşdirilməsi, humanitar məsələlər, infrastruktur inkişafı. Bunların hamısı vacib məsələlərdir. Bu, bir gecədə qəbul olunan bəyanatla həll olunacaq bir münaqişə deyil. Münaqişənin həlli danışıqlar aparmaq və daha çox həyatın itirilməməsini təmin etmək üçün zaman və birgə səy tələb edəcək.
Amerikanın Səsi: Sizin atəşkəs razılığından sonra Azərbaycan və Ermənistan xalqına mesajınız nə olardı?
Ceyms Uorlik: Ümid edirəm ki, bir gün azərbaycanlılarla ermənilər dinc və təhlükəsiz şəkildə yan-yana yaşayacaqlar. Bir zamanlar bu mümkün idi. Ümid edirəm ki, yenə mümkün olacaq.
Əslində bu münaqişə heç bir ölkənin xeyrinə deyil. Nəticədə təkcə çox sayda insan həyatını itirmir, həm də son onillərdə milyonlarla pul xərclənib ki, bu pullar başqa şeylər üçün istifadə oluna bilərdi. Mən həm də inanıram ki, əgər regon açılsa, oradakı insanların həyatlarını yaxşılaşdıracaq sülh və firavanlıq olacaq.
Dağlıq Qarabağ münaqişəsi buna əngəl olurdu. İnanıram ki,əgər biz bunu qənaətbəxş bir şəkildə həll etməyin yolunu tapsaq, bu, regiondakı bütün ölkələrin xeyrinə olacaq.