Sentyabrın 30-da Səbayel rayon Məhkəməsi ilahiyyatçı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiriinin dəyişdirilərək polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edib. İlahiyyatçı məhkəmə zalından azadlığa buraxılıb.
Bu barədə vəkil Cavad Cavdov Amerikanın Səsinə bildirib.
“Bu gün bir il yeddi ay həbsdə saxlanılan (2015-ci ilin martında həbs edilib) hüquqlarını müdafiə etdiyim Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilən Ceyhun Cəfərov barəsində məhkəmə qaydasında həbs qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında dəyişdirildi və o həbsdən azad edildi. Bizim mövqeyimiz əvvəldən sona qədər ardıcıl olaraq eyni olub. Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb. (Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında olan müsbət dəyişiklər barədə əvəllər də yazmışdım: telefonla zəng vurmaq və ailələrlə görüş hüququ təmin olunub, kameralara televizorların quraşdırılmasına başlanıb.) İstintaqın gedişi bizdə bu iş üzrə obyektiv qərar qəbul ediləcəyinə böyük ümidlər yaradır”.
Vəkil yazır ki, Ceyhun Cəfərov nüfuzlu ilahiyyatçılardandır. Fəaliyyəti dini tədris həyata keçirmək və dini kitabların Azərbaycan dilinə tərcüməsi çərçivəsindən ibarət olub. Onun fəal iştirakı ilə onlarla kitab Azərbaycan dilinə tərcümə edilib, bunlardan ən məşhurları: 20 cildən 7-si tərcümə olunan “Əl-Mizan” təsviri (müəllif: Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai) , “İslamda əxlaq” (müəllif Ayətullah Məhəmmədrza Məhdəvi Kəni) . Eyni zamanda, o SPACE telkanalında yayımlanmış “Həzrəti Yusif” filminin Azərbaycan dilinə dublyaj olunmasının təşəbbüskarı və rəhbərlik edənlərdən biri idi. Bundan əlavə o bir sıra saytların yaradıcısıdır: "quranevi.az", "tekamulteam.az", "islamaz.com" və "imamzaman.az".