Ceyhun Bayramov Antoni Blinken ilə görüşüb

Ceyhun Bayramov Antoni Blinken ilə görüşüb

Dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadiyyat, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

“Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib,” məlumatda deyilir.

Bundan əlavə rəsmi məlumatda deyilir ki, söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycanın Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.