Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumu ilə bağlı monitorinq keçiriləcək

Cəsur Sümərinli

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumu ilə bağlı monitorinqə başlayır. Bu barədə qurumun İnformasiya departamentindən məlumat verilib.

Məlumatda bildirilir ki, monitorinqin hədəfində hərbi qulluqçuların və mülki şəxslərin sosial rifahı, Silahlı Qüvvələrin cəmiyyət və parlament qarşısında hesabatlılığı, hərbi vəsaitlərin xərclənməsində şəffaflıq, hərbi hissələrdə cinayətlər və aparılan istintaq, döyüş və qeyri-döyüş itkiləri, hərbi xidmətə çağırış, orduda korrupsiya və rüşvətxorluğa qarşı görülən tədbirlər və başqa məsələlər durur.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi Cəsur Sümərinli bildirib ki, Azərbaycanda müdafiə və təhlükəsizlik sektoruna 4 milyard dollardan artıq vəsait ayrılmasına baxmayaraq Silahlı Qüvvələrdə və eyni zamanda digər hərbi birləşmələrdə insan haqları ilə bağlı ciddi problemlər özünü göstərir. “Bunlar xüsusilə də məvaciblərin, ümumilikdə, sosial təminatın azlığında və əsgər ölümlərinin çoxluğunda özünü göstərir”.

Onun sözlərinə görə, monitorinqin sonunda Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Durumuna dair yekun hesabat hazırlanacaq.

Cəsur Sümərinli Amerikanın Səsinə 2014-cü ilin sentyabında ölkəni tərk etdiyini bildirib.

“Ölkəni təqib ve təzyiqlərə məruz qaldığıma görə tərk etməli oldum.Hazırda Avropa ölkələrindən birindəyəm. Qeyri-müəyyən müddətə fəaliyyətimi ölkədən kənarda davam etdirməyə məcburam. Həm hərbi itkilər, həm də ötən il avqustun əvvəllərində cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı apardığım araşdrımadan sonra yüksək dövlət rəsmisinin tənqidinə məruz qaldım. Bu mənə qarşı təzyiqlərə və təqibə səbəb oldu”, o qeyd edib.