"Cenubnews" saytının təsisiçisi Mirələm Həşimovu Masallı rayon İcra Hakimiyyətinin başçısı xüsusi ittiham qaydasında Masallı rayon Məhkəməsinə verib. Bu barədə vəkil Cavad Cavadov Facebook səhifəsində yazıb.
Cenubnews.com saytının yaydığı videoda Masallıda "Kapitalbank"ın bankomatlarından pul çəkə bilməyən sakinlərin narazılığından bəhs edilir. Sakinlər rayon mərkəzində “Kapitalbank”ın qarşısında avtomobil yolunu bağlayır.
“Onun hüquqlarını mən müdafiə edəcəm. Lakin şikayəti dördüncü dəfədir oxuyuram və başa düşə bilmirəm icra hakimiyyətinin başçısı nə istəyir. "Kapitalbank"ın bankomatlarında pul çatışmamazlığı ilə bağlı yaranmış gərginliyin işıqlandırılmasında (məhz bundan sonra həmin çatışmazlıqlar aradan qaldırılıb) hansı yalan məlumat var (video görüntülər göz qabağındadır)? Bunun İcra Hakimiyyətinə nə aidiyyatı var? Görünən odur ki, hazırki xüsusi ittiham qaydasında şikayətlə jurnalisti fəaliyyətindən çəkindirmək yolu tutublar”, vəkil qeyd edib.
Cenubnews.com xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov saytın əməkdaşı Mirələm Həşimovu Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (böhtan) ilə yenidən məhkəməyə verib.
Məhkəmə oktyabrın 31-də Masallı rayon Məhkəməsində hakim Anar Alməmmədovun sədirliyi ilə keçiriləcək.
"Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı" başlığı ilə yayılan məqalədə nəinki Rafil Hüseynov, ümumiyyətlə heç bir şəxs təhqir olunmayıb“.
Sayt bildirir ki, Masallı rayon İcra Hakimiyyəti başçısı cenubnews saytının əməkdaşı Mirələm Həşimovu bundan öncə də məhkəməyə verib. 26 may 2016-cı ildə Şirvan Apellyasiya Məhkəməsi sayta təkzib verilməsi və 500 manat kompensasiya ödənilməsi öhdəliyi qoyub. İddiaçı 15 min manat kompensasiya və təkzib istəyib. Sayt apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.