Okeanın o tayında Arazın o tayı [Mövqelər]

Konqresmen Dana Rohrabakerin İran Azərbaycanına dair qətnamə layihəsi Azərbaycanda müsbət qarşılanır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Dana Rohrabaker qurumun xarici əlaqələr komitəsinə azərbaycanlılarla bağlı qətnamə layihəsi təqdim edib. Layihədə qeyd olunur ki, Azərbaycan torpağı 1828-ci ildə Rusiya və İranın imzaladığı Türkmənçay müqaviləsi ilə, azərbaycanlıların razılığı olmadan ikiyə bölünüb, Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ var.

Media Forum saytı konqresmen Dana Rohrabakerin qətnamə layihəsi ilə bağlı Azərbaycanın tanınmış ictimai xadimlərinin fikrilərini dərc edib. Həmin fikriləri təqdim edirik.

Tarixçi Cəmil Həsənli ilə Müsahibə

Güney Azərbaycan mövzusunun araşdırıcılarından olan tarixçi professor Cəmil Həsənli hesab edir ki, ABŞ Konqresində və digər beynəlxalq qurumlarda Cənubi Azərbaycan məsələsinin gündəmə gəlməsi təsadüfi deyil.

Tarixçi alim “Media forum” saytına deyib ki, Cənubi Azərbaycan problemi mövcuddur və bunu gizlətmək mümkün deyil: “20-ci əsrdə bu məsələ bir neçə dəfə gündəmə gəlib. İndi də həmin proses davam edir. Çünki İranla ABŞ arasında ciddi qarşıdurma var. ABŞ İrana təsir və təzyiq imkanlarını sınaqdan keçirir. Cənubi Azərbaycan məsələsi İrana təsir göstərmək üçün əlverişli amillərdən biridir”.

Cəmil Həsənlinin fikrincə, bölünmüş xalqların birləşməsi ideyası heç vaxt gündəmdən düşmür, daim müzakirə edilir: “Bu, müzakirə obyektidir və burada təəccüblü bir məsələ yoxdur. Əvvəla, xarici ölkələrdə çox sayda Azərbaycan təşkilatı yaranıb. Həmin təşkilatların üzvləri xarici ölkələrin parlamentlərinin deputatları, siyasi dairələr, dövlət qurumları ilə müzakirələr aparır, Cənubi Azərbaycan məsələsinin mahiyyətini anlatmağa çalışırlar. İkincisi, xarici ölkələrdə Cənubi Azərbaycan problemi barədə kifayət qədər ədəbiyyat dərc olunub. Əsasən ingilis dilində dərc olunan bu ədəbiyyatlar da Cənubi Azərbaycan probleminin gündəmdə qalmasına təsir edir, Azərbaycanın bölünmüş xalq olması ideyasının müzakirəyə çıxarılmasında rol oynayır”.

Cəmil Həsənli bildirib ki, Konqresə təqdim olunan layihənin qətnamə formasında qəbul edilməsi xeyli vaxt apara bilər: “Bu hələlik layihə, təklifdir, qətnamə formasında qəbul olunması üçün uzun bir müddət lazımdır, xeyli prosedur həyata keçirilməldiir. Bunun qətnamə formasında qəbul olunub-olunmayacağını demək çətindir. Ona görə də proseslərin gedişini gözləməliyik. ABŞ Konqresində müraciətin, layihənin sənədə çevirilməsinin çox uzun bir proseduru var. Amma istənilən halda məsələnin Konqresdə gündəmə gəlməsi, müzakirə edilməsi ciddi irəliləyişdir”.

Prosesinin bundan sonrakı mümkün inkişaf variantlarından danışan Cəmil Həsənli hesab edir ki, ilk növbədə Cənubi Azərbaycanda hərəkat genişlənməlidir: “Bu problem hər şeydən əvvəl cənubi azərbaycanlıların, o xalqın taleyi və tarixi ilə bağlı məsələdir. Xalqın azad olmaq istəyi olmaldıır. Xalq bunu istəməsə, ABŞ Konqresi, hətta BMT də qərar qəbul etsə, heç bir faydası olmayacaq. Cənubi Azərbaycan məsələsinin beynəlxalq dəstək qazanması üçün gərək xalqın içində bir irəliləyiş olsun. Əks halda kənardan dəstək əhəmiyyətli rol oynaya bilməz. Xarici dəstəyə az aludə olmaz lazımdır. Hər bir problemin həlli ölkə daxilində olmalıdır”.

DAK həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı

Dünya Azərbaycanlıları Konqresinin sədri, deputat Sabir Rüstəmxanlı “Media forum” saytına deyib ki, rəhbərlik etdiyi təşkilat bir neçə ildir Cənubi Azərbaycan məsələsini beynəlxaq gündəmə gətirmək istiqamətində fəaliyyət göstərir: “Hələ 6-7 il əvvəl ABŞ Konqresinə, Senatına, Dövlət Departamentinə Cənubi Azərbaycanla bağlı sənədlər təqdim etmişik. Xüsusən də bizim regiona cavabdeh olan şəxslərlə görüşmüşük, müzakirələr aparmışıq, izah etmişik ki, Azərbaycan ikiyə bölünüb, Cənubi Azərbaycan problemi var.

Mənim ABŞ Konqresində və Dövlət Departamentində bu məsələ ilə bağlı yeni görüşlərim nəzərdə tutulub. ABŞ-ın Yaxın Şərq üzrə institutları, mütəxəssisləri bunu bilir. Beynəlxalq aləmin işə qoşulması Cənubi Azərbaycanda prosesləri sürətləndirəcək.
Bölgədə vəziyyətin dəyişməsi, Suriyada gedən proseslər, İranın hədəfə çevrilməsi İranda yaşayan xalqların, o cümlədən cənubi azərbaycanlıların hüquqlarının təmin olunmasını ön plana çıxarıb. Bu proses getdikcə genişlənəcək. Son vaxtlar Rusiya, Avropa mətbuatı da Cənubi Azərbaycan haqda tez-tez və geniş yazır. Cənublu soydaşlarımız da bu məsələdə fəal olmalıdır və beynəlxalq təşkilatlarla ciddi işləməlidir. Cənubda təşkilatlanma sürətlənməlidir. Çünki yaxın illərdə İranda mənzərə dəyişəcək. Elə etməliyik ki, dəyişiklik vaxtı çox çətin vəziyyətdə qalmayaq, hər şeyə hazır olaq”.