Cənubi Sudan sülh danışıqlarının bazar günü keçirilməsi planlaşdırılır (Yenilənib)

Cənubi Sudanda döyüşən tərəflər arasında birbaşa sülh danışıqlarının bazar günü keçirilməsi planlaşdırılıb.

Cənubi Sudanın prezidenti Salva Kir və keçmiş vitse-prezident Riek Makarın nümayəndələri ölkədə zorakılıqların davam etdiyi vaxt, şənbə günü Efiopiyada sülh danışıqlarının açılışında iştirak edib.

Efiopiya Xarici İşlər nazirliyinin sözçüsü dina Mufti Amerikanın Səsinə müsahibədə tərəflərin bazar günü təkbətək görüş keçirəcəyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında atəşkəs danışıqların gündəmində əsas məsələdir. Bununla yanaşı, münaqişə nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi məqsədilə humanitar dəhlizin açılması, məhbusların azad edilməsi və bir sıra başqa məsələlər danışıqlar zamanı müzakirə ediləcək.

Tərəflər mindən çox insanın ölümü, 200 min insanın isə məcburi köçkün olması ilə nəticələnmiş döyüşlərə son qoymaq məqsədilə danışıqlar keçirmək üçün artıq bir neçə gündür Efiopiya paytaxtına toplaşıb.

Efiopiya rəsmiləri bundan öncə Əddis-Əbəbədə keçiriləcəyi gözlənilən danışıqların proqramla bağlı razılıq əldə edilmədiyinə görə ləngidiyini bildirib.

Tərəflər bu müddət ərzində Şərqi Afrikanın regional qrupunun vasitəçiləri ilə ayr-ayrı danışıqlar aöarıb. Vasitəçilər birbaşa danışıqların şənbə günü başlayacağını ümid bəsləyirdi, lakin indi onlar müzakirələrin tarixinin qeyri-müəyyən olaraq qaldığını bildirib.

Dünyanın ən yeni ölkəsinin vətəndaş müharibəsinə sürüklənə bilməsi ilə bağlı narahatlıqlar mövcuddur.

Bu arada, Conqley ştatının üsyançıların nəzarətində olan paytaxtı Borda döyüşlər davam edir. Hökumət qüvvələri Borun nəzarətinin ələ keçirilməsi üçün şəhər istiqamətində irəliləyib.