Cənubi Koreya propaqanda yayımlarını bərpa edir

Pxenyanın nüvə sınağına cavab olaraq Cənubi Koreya Şimali Koreyaya reproduktorlar vasitəsilə propaqanda yayımlarını bərpa edəcəyini bildirib.

Seulun bu addımından əlavə prezident Barak Obama Cənubi Koreya və Yaponiya liderləri ilə əməkdaşlıq edərək Şimali Koreyanın hidrogen bombası sınağına qarşı vahid reaksiya tərtib edəcəyini bildirib.

ABŞ Şimali Koreyanın hidrogen bombası sınağına dair iddiaları ilə bağlı kəşfiyyat məlumatı toplamaq üçün Okinavadakı hərbi bazasından təyyarələr göndərib.

Bİrləşmiş Ştatlar və digər dünya qüdrətləri Pxenyanın iddiasına skeptik yanaşır.

Lakin Çinin Şimali Koreya ilə sərhədində yerləşən bir şəhərdə bu şübhələr qorxu ilə əvəz olunub.

Cümə axşamı Seulda etirazçılar küçələrə çıxaraq, Şimali Koreya əleyhinə şüarlar səsləndirib, Kim Conq Unun şəklini yandırıblar.

Bir həftə öncə Kim bu il Cənubi Koreya ilə yüksək səviyyəli sülh danışıqları aparmaq istədiyini bildirsə də, onun son addımı bunun baş tutma ehtimalını sual altında alıb.