Moskva yaxınlığındakı Crocus City Hall konsert zalındakı terror aktının Orta Asiyadan olan miqrantların üzərinə atılmasından sonra Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını mümkünsə Rusiyaya səfərlərini təxirə salmağı və bu ölkəyə səfər edərkən həmişə bütün lazımi sənədləri özləri ilə aparmağı tövsiyə edib.
Yerli medianın xəbər verdiyinə görə, Özbəkistanın hakimiyyət orqanları Rusiyada qalan və ya ora getməyi planlaşdıran bütün Özbəkistan vətəndaşları üçün oxşar tövsiyə verib.
Azad Avropa/Azadlıq Radiosu bazar ertəsi Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minmələrinə icazə verilmədiyini bildirib.
Teleqraf.com xəbər verib ki, immiqrasiya və hüquq-mühafizə orqanları onlara bunun "Moskvada baş vermiş son terror aktı" ilə bağlı olduğunu deyib.
Keçən cümə günü kamuflyaj geyimli silahlı şəxslərin hücumu Rusiyada, xüsusən də müsəlman Orta Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyəsinin artmasına səbəb olub. Biri Qırğızıstandan, qalanları isə Tacikistandan olmaqla, 7 şübhəlinin tutularaq, istintaq təcridxanasına yerləşdirildiyi bildirilib.
İslam Dövləti qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb və azı 139 nəfərin ölümü, 182 nəfərin yaralanması ilə nəticələnən qətliamın video-görüntülərini yayımlayıb.
Rusiya dəlil təqdim etmədən hücum edənlərin Ukrayna ilə əlaqəsi olduğunu bildirib.
Kyiv bu kimi ittihamları qəti şəkildə rədd edib.