Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin və məhkəmənin zərərçəkmiş kimi tanıdığı Ədilə Səlimovanın şikayəti üzrə ilkin baxış iclası olub.
Yasamal Rayon Məhkəməsi fevralın 22-də 2014-cü il sentyabrın 19-da baş verən avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.
Günel Həsənli və Ədilə Səlimova cinayət işinə xitam verilməsi barədə apellyasia şikayəti verib.
Ədilə Səlimova birinci instansiya məhkməsinin qərarını ədalətsiz sayır.
“Mən xəsarət almamışam, zərər çəkməmişəm, şikayətçi deyiləm. Bu səbəbdən də birinici instansiya məhkməsinin hökmünə xitam verilməsini istəyirəm”, o apellyasiya şikayətində qeyd edib.
Vəkil Adil İsmayılov bildirib ki, ibtidai istintaq ədalətsiz və qərəzli aparılıb. Birinci instansiya məhkəməsi də qanunların pozulması ilə keçib.
“Tibbi ekspertizalar aparılarkən qanunvericilik ciddi pozulub. Eyni şəxs iki dəfə tibbi ekspertiza təyin edib. Ekspertizanin məcburu və ya könüllü keçirilməsi ilə bağlı iş materiallarında sənəd yoxdur. Ekspert rəyini təsdiq edən tibbi sənədlər rəyə əlavə edilməyib. Ekspert rəyi reallığı əks etdirmir, sənədlərə söykənmir və qərəzlildir”, o qeyd edib.
Vəkil günahkar hesab edilən tərəfin həkiminin iştirakı ilə təkrar tibbi ekspertizanın təyin edilməsi barədə vəsatət qaldırıb.
Vəkil Fəxrəddin Mehdiyev də həm tibbi, həm də texniki ekspertizanın qərəzli, ədalətsiz və şəxsi mülahizələrə əsaslandığnı deyib.
“İstintaqın yalnız bir versiyası olub: Günel Həsəliyə qarşı Cinayət Məcəlləsinin 263.1 maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi qaldırsın. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı aparılan ekspertizada sürücünün, piyadanın davranışı, yolun texniki parametrləri, avtomobilin texniki vəziyyəti nəzərə alınmayıb”.
Vəkil texniki və tibbi ekspertizanın əsassız olduğunu və birinci instansiya məhkəməsinin bununla bağlı verilən vəsatətləri təmin etmədiyini məhkəmə kollegiyasının diqqətinə çatdırıb.
O zərərçəkmişin özünün şikayətçi olmadığını, zərər çəkmədiyini bildirdiyini deyib və məhkəmənin bütün bunları nəzərə alaraq cinayət işinə xitam verməsi barədə vəsatət qaldırıb.
Vəkillər həmçinin apellyasiya baxışının məhkəmə isitintaqı aparılması ilə keçirilməsi barədə də vəsatət qaldırıb.
“Birinci instansiya məhkməsinin hökmü ədalət məhkməsi üçün qara ləkədir. Ümid edirəm ki, Apellyasiya Məhkəməsi ədaləti bərpa edəcək, zərəçəkmişin və Günel Həsənlinin şikayətini nəzərə alaraq cinayət işinə xitam verəcək”, Mehdiyev qeyd edib.
Dövlət ittihamçısı vəsatətlərin əleyhinə çıxış edib.
“İstintaq və birinci instansiya məhkəməsi zamanı qanun pzozuntusuna yol verilməyib”, prokuror Ceyhun Budaqov bildirib.
Sədrlik edən hakim Əflatun Qasımov da birinci instanisya məhkməsi zamanı qanun pozuntusuna yol verilmədiyini bildirib və işin apellyasiya baxışını məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən aprelin 24-ü saat 15.00-ə təyin edib.
Vəkillər ilkin baxış qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.
Cəmil Həsənli məhkmə qərarını ədalətsiz hesab edir və onun siyasi fəaliyyəti ilə bağlı siyasi sifarişi yerinə yetirdiyini bildirib.