Cəmil Həsənlinin ABŞ-da “Azərbaycanın sovetləşdirilməsi” adlı yeni kitabı nəşr olunub

Tarixçi alim Cəmil Həsənlinin ABŞ-da yeni kitabı işıq üzü görüb

ABŞ-ın Yuta Press universiteti kitabı kütləvi tirajla nəşr edib

ABŞ-ın Yuta Press universiteti (University of Utah Press) Cəmil Həsənlinin “Azərbaycanın sovetləşdirilməsi” adlı yeni araşdırmasını kütləvi tirajla nəşr edib.

“Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər” seriyasından olan bu monoqrafiyada göstərilən dövrdə mürəkkəb tarixi şəraitdə regionda cərəyan edən gərgin hadisələrdən bəhs olunur.

Birinci Dünya müharibəsi və Rusiyada çarizmin çöküşündən sonra Azərbaycanın əldə etdiyi istiqlalı möhkəmləndirmək cəhdləri və Moskvanın bu müstəqilliyə təcavüzü Cəmil Həsənlinin yeni monoqrafiyasının əsasını təşkil edir.

Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.

Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, Azərbaycan ərazilərini Ermənistana vermək cəhdləri, habelə rus-türk, erməni-türk münasibətləri haqqında Amerika oxucularına, ingilis dilli dünyaya geniş məlumat verilib.