Oktyabrın 6-sı Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Sumqayıtda “Nizami” mədəniyyət klubunda seçicilərlə görüşü keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Əliyevlər hakimiyyəti dövründə Sumqayıt işsizlər şəhərinə çevrilib: “Cəmil Həsənli sonuncu mitinqdə bir daha göstərdi ki, İlham Əliyev hakimiyyətdə olduğu bu müddət ərzində xalqla obyekt kimi davranıb. Elə ona görə də, o bu gün nəinki Azərbaycanın, həm də dünyanın ən varlı adamıdır”.
Çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, bütün seçkilərdə Sumqayıt camaatı demokratik düşərgənin namizədlərinə səs verib. “Azərbaycan hamımızındır. Azərbaycan oğruların deyil, Əliyevlərin deyil. 2003-cü ildə siz bunu onlara əyani şəkildə sübut etdiniz. Sumqayıt Azərbaycanın modelidir.”- deyə İsaq Qəmbər bildirib.
Görüş zamanı “Nizami” mədəniyyət klubunda tam dolu olub. Polislər nəzarəti altında keçən tədbir insidentsiz ötüşüb.