Milli Şuranın sədri Cəmil Həsənli Vaşinqtona səfəri çərçivəsində Amerikanın Səsində olub. Cəmil bəy Azərbaycanda prezident seçkilərindən sonrakı durum haqda danışıb.
Video-müsahibədən çıxarışlar:
“Durumun proqnozunu əvvəlcədən vermişdik. Əgər seçkilər saxtalaşdırılsa, bunun ardınca avtoritarizmin güclənməsi və avtoritarizmdən diktatura idarəçiliyi üsullarına keçməsi gələ bilər. Elə də oldu.”
“Ötən illə müqayisədə siyasi məhbusların sayında ciddi artım var. Bügünkü siyasi məhbuslar intellektual dairə, QHT və insan hüquqları təşkilatlarını əhatə edir.”
“Azərbaycanda avtoritarizmin gücləndirilməsi, vətəndaş cəmiyyətinin susdurulması, repressiv idarə üsulunun bərqərar olması istiqamətində ciddi addımlar atılıb.”
“Azərbaycanda siyasi məhbusların sayı 110-nun üstündədir. Belarusiya bu istiqamətdə əsas nümunə kimi gətirilirdi. Amma bu gün Azərbaycanda siyasi məhbusların sayı Rusiya və Belarusiyanın ikisində olduğundan çoxdur.”
“Azərbaycan həbslərin metoduna görə diqqəti cəlb edir - narkotik ittihamı. Bizim bəyənmədiyimiz və uzun müddət tənqid etdiyimiz Sovet hökuməti belə vətəndaşlarını narkotiklə ittiham etməyi öz ləyaqətinə sığışdırmırdı. Amma müstəqil Azərbaycanda bu, kütləvi hal alıb.”
“Azərbaycanda bir yer var ki, hamının diqqətini cəlb edir. Bu, Kürdəxanıdır. Siyasi məhbusların əksəriyyəti Kürdəxanıda saxlanılır. Uzun müddətdir mübahisələr gedir. Bizim simvolumuz nə ola bilər? Bu gün dünyada Kürdəxanı Azərbaycanın simvolu kimi formalaşmağa başlayıb. 37-ci ildə Bayıl Azərbaycanın simvolu idisə, bu gün Kürdəxanı bu funksiyanı yerinə yetirir.”
“İki gün əvvəl Azərbaycanın prezidenti administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çox böyük bir məqaləsi çıxıb. Azərbaycan hökumətinin Amerika ilə münasibətləri, daha doğrusu münasibətsizliyinin bir sıra məqamları orada öz əksini tapıb. Bu məqaləni oxuduqdan sonra Azərbaycanda hakimiyyət və hakimiyyətə yaxın mediada anti-Amerika isteriyasının baş alıb getməsi təəccüblü görünməməlidir.”
“Heç kəsə sirr deyil ki, Azərbaycan mahiyyət etibarı ilə özünü Rusiyanın yanında daha rahat hiss edir, nəinki Amerikanın yanında.”
“Yay Olimpiya Oyunlarına xərclənən 8 milyardın hər 1 manatına Azərbaycan xalqının ehtiyacı var. Bu 8 milyard Azərbaycan xalqı üçün xərclənsə idi, onun gətirəcəyi imic, ölkədə sosial vəziyyətin yaxşılaşması daha yaxşı bir göstərici olardı.”