Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi cəbhə xəttində yaranmış durumla bağlı bəyanatla çıxış edib.
Sənəddə deyilir:
“İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmişlər. Ermənistanın silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çox sayda insan tələfatına səbəb olmuşdur. Yaranmış bu təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür.
Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər”, Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Ermənistan tərəfi Azərbaycan XİN-nin bəyanatına hələ cavab verməyib. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi cəbhədə gərginliyin yaranmasında Azərbaycan tərəfini günahlandırır.
Son günlər Ermənistan-Azərbaycan cəbhəsində intensiv atışmalar davam edir. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin divesiya-kəşfiyyat qruplarının Azərbaycan Ordusunun ön cəbhədəki postlarına hücum etdiyini bildirir. Son günlər ərzində Azərbaycan tərəfi 15 hərbçisini itirib. Ermənistan tərəfi isə 3 hərbçisini itirdiyini bildirir. Azərbaycan tərəfi Ermənistan Ordusunun itkilərinin daha çox olduğunu iddia edir.