Azərbaycan Ermənistanla sərhəddə mülki vətəndaşının ağır yaralandığını bildirir

Cəbhə xəttində Azərbaycan bayrağı

“Ermənistan hərbi hissələri avqustun 8-də Azərbaycanın Tovuz rayonunun (Bakıdan 424 kilometr qərb) Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib. Nəticədə Qaralar kənd sakini Ramil Yusibov qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”. Bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Həmin faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir”.

Hacıyevin sözlərinə görə, müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyır.

“Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilməlidir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”, mətbuat katibi qeyd edib.

Rəsmi Yerevan Azərbaycan tərəfinin bu məlumatına hələ münasibət bildirməyib.