2017-ci ildə Azərbaycan 19 hərbçisini itirib

2017-ci ilin ötən müddətində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 19 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 12 nəfəri döyüş, 7 nəfəri isə qeyri-döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.

Ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Həmin hərbçilər erməni gülləsindən yaralanıb.

Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışında həyatını itirib. Bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.