Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində Azərbaycan ordusunun müdafiəsinin ön xəttində yerləşən mövqelərdəki postlarına növbəti dəfə basqın etməyə cəhd göstərib. Döyüşlərdə Azərbaycan ordusu 4 hərbi qulluqçusunu itirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində erməni tərəfinin cəhdinin qarşısının qətiyyətlə alındığını bildirir. Erməni hərbçiləri itki verərək geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyi bildirir ki, hazırda erməni hərbçilərinin təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
Mətbuat xidməti həlak olan hərbçilərin adlarını da açıqlayıb.
gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Xatırladaq ki, Azərbaycan ordusu avqustun 1-dəki döyüş zaman 8 hərbçisini itirib.
Öz növbəsində “Novosti Armeniya” saytı Dağlıq Qarabağın “Müdafiə Qüvvələri”nə istinadən cəbhənin şimal-şərq istiqamətində kəşfiyyat diversiya xarakterli əməliyyatın olduğunu bildirir. Döyüş zamanı hərbçi Zorik Gevorkyan öldürülüb.