Prezident cəbhə zonasında əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün 6 milyon manat ayırıb

Ağdam rayonunun Mahrızlı kəndi

Prezident İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 6 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

President.az saytının məlumatına görə, 2016-cı ilin aprelində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.

Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılıb.