Müdafiə Nazirliyi: Hərbi əməliyyatların dayandırılması razılaşmasına ciddi riayət edilir

Cəbhə xətti

Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi surətdə riayət edilir.

“Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir. Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların heç bir əsası yoxdur”, məlumatda qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.

Müdafiə Nazirliyinin digər xəbərində bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından istifadə etməklə son sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

Ermənistan mediası rəsmi orqanlara istinadən bildirir ki, əməliyyatların dayandırlması öhdəliyinə əsasən əməl edilib, amma atəşkəs rejiminni pozulması davam edib.