AŞPA məruzəçisi cəbhəyanı bölgələrin qərəzli şəkildə sudan məhrum edilməsini araşdırır

AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi, Bosnyalı deputat Militsa Markoviç “Azərbaycanın cəbhəyanı rayon sakinlərinin qərəzli şəkildə sudan məhrum edilməsi” adlı məruzə hazırlamaq üçün avqustun 24-27-də Azərbaycana səfər edəcək.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində məruzəçi Azərbaycanın Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərində görüşlər keçirəcək.

Həmçinin, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, “Meliorasiya və su təsərrüfatı” ASC-nin, Dünya Bankının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Markoviç həmçinin Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının yerli hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparacaq.

2014-cü ildə o, artıq bu missiya ilə Azərbaycana səfər edib. Azərbaycanın Dağlıq Qarabağ regionunu nəzarətdə saxlayanrejimin Sərsəng su anbarından Qarabağın aran bölgələrində şumluq torpaqların sulanması üçün gələn suyu kəsməsi ilə bağlı belə bir məruzənin hazırlanması təşəbbüsü Azərbaycana məxsusdur.