"Qəbələ" klubunun sabiq futbolçusu Cavid Hüseynovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bu barədə Bakı şəhər prokurorluğu məlumat verib.
Bakı şəhər sakini Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi 22 dekabr 2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırlıq iclası 5 yanvar saat 15:00-a təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyilə keçiriləcək.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb.
Cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra işə baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun üzvü Rasim Əliyev avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb.
Xəsarət alan jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və bir gündən sonra orada dünyasını dəyişib.