Bu gün jurnalist Rasim Əliyevin xəstəxanada dünyasını dəyişməsindən sonra onun ölümü ilə bağlı adı hallanan Qəbələ Futbol Klubu bəyanat yayaraq hadisə ilə əlaqədar futbolçu Cavid Hüseynovun hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırıldığını bildirib. Klubun bəyanatını təqdim edirik:
"Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılamışdır. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılmışdır.
Bir daha mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".