Cavad Abbasi: Qeyri-fars millətlər bir çox sahədə birlikdə mücadilə edə bilər

Amerikanın Səsinə danışan siyasi fəal Cavad Abbasi İranın qeyri-fars icmalarına mənsub siyasi fəallar və təşkilatların milli-mədəni hüquqlar uğrunda mücadilələrində birlikdə hərəkət edə biləcəkləri sahələrin çox geniş olduğunu ifadə edir.

“Bu millətlərin ortaq nöqtələri var. Oralarda bir-birlərinə dəstək verə bilər və iş birliyi apara bilərlər. Bunların ən başında insan haqları və demokratik özgürlüklər dairəsinə girən istəklərdir. Ana dildə təhsildir. İqtisadi ayrı-seçkiliklərdir ki, bu millətlərə tətbiq edilir. Seçmə və seçilmə haqları pozulur. Bir çox bölgədə, xüsusilə də ərəblərin və türklərin yaşadığı coğrafiyada çevrə fəlakətləri daha çox görünməkdədir,” Abbasi söyləyir.

Bu millətlərin ortaq nöqtələri var. Oralarda bir-birlərinə dəstək verə bilər və iş birliyi apara bilərlər. Bunların ən başında insan haqları və demokratik özgürlüklər dairəsinə girən istəklərdir.

Siyasi fəal hesab edir ki, qeyri-fars icmaların siyasi güc və status uğrunda mücadilə sahələri iş birliyi və əməkdaşlıq üçün uyğun sahələr olmaya bilər.

Onun sözlərinə görə, “o mövzular ki, anlaşılmır və ya o mövzular ki, hər millətin öz çabalarına bağlıdır, status mövzusudur. Məsələn biz görürük ki, bizim millətimiz ana dildə təhsil istəyir, amma onun yanında həm də deyir ki, “türk dili rəsmi olsun”. Yəni, bu millət öz huququna, öz keçmişinə və tarixinə dayanaraq haqlı olaraq deyir ki, mənim dilim bu ölkədə rəsmi olmalıdır... Status qazanmaq uğrunda hər millət öz mücadiləsini gücü, imkanları və ağırlığı qədər tək başına aparmalıdır.”

Siyasi fəal əlavə edir, “biz bunu da çox gözəl bilirik və millətimiz də bilir ki, bölgəmizdə çox güclü dost və qardaş ölkələr vardır... Bizim milli haqlarımızın hamısının təmin olması ola bilər ki, istiqlal formasında olacaq, ya gerçək demokratik federal bir sistemdə və ya başqa bir alternativ. Bu qalıb bizim millətimizin və hərəkatımızın gücünə və ortaya çıxacaq şərtlərə.”

Mənim fikrimcə, yaxın gələcəkdə görəcəyik ki, bizim millətimizin yaşadığı bölgələrdə də ayağa qalxacaqlar və bugün çevrə fəlakəti, yoxsulluq və iqtisadi sıxıntıları ortaya çıxaran siyasətlərə yetər deyəcəklər.

Abbasi həmçinin İranın ərəb bölgələrində su qıtlığı ilə əlaqədar baş qaldıran kütləvi aksiyalara diqqət çəkərək deyir ki, “bu gün Urmiyə gölü qurumaqdadır. Yəni, biz də bu su fəlakəti ilə qarşı-qarşıyayıq. Bağlarımız qurumaqdadır və hətta bir çox kənddə sağlam içməli su yoxdur. Əhalı məcburdur istifadə edir. İndi də bir neçə gündür ki, Əhvazın bütün bölgələrində millət tökülüb küçələrə. Baxmayaraq ki, o bölgələrdə neçə dənə çay var. Karun var Kərxə var. Bir çoxu qurudulub və ya suları çəkib aparıblar mərkəzi bölgələrə.”

Cavad Abbasi hesab edir ki, yoxsulluq ve iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar yaxın gələcəkdə ölkənin digər bölgələrində də baş qaldıracaq.

“Mənim fikrimcə, yaxın gələcəkdə görəcəyik ki, bizim millətimizin yaşadığı bölgələrdə də ayağa qalxacaqlar və bu gün çevrə fəlakəti, yoxsulluq və iqtisadi sıxıntıları ortaya çıxaran siyasətlərə yetər deyəcəklər. Bu rejim məşruiyyətini tamamən itirib. Millət yetər deyib və bu rejimin sonunu gətirəcək. Məncə, yaxın gələcəkdə buna şahid olacağıq,” siyasi fəal əlavə edir.