Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycanda casusluq yolu ilə toplanılmış məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında ölkədən çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. DTX-nın ictimaiyyətlə əlaqə şöbəsi məlumat yayıb.
Məlumatda deyilir ki, dövlətə xəyanət faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri - Azərbaycan vətəndaşları Muxtar Yağubov, Şakir Əhmədov, Zəka Zeynallı, Səbuhi Abbaszadə, Xudaçükür Nuriyev və Kəmaləddin Hüseynov ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
DTX bildirir ki, istintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycanın təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyənləşib.
Bununla yanaşı, şəbəkənin hansı ölkənin və ya ölkələrin xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiyi barədə məlumat verilmir.