1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyinə yenidən qovuşub. Bu günlərdə Azərbaycanın müstəqilliyinin 20 ili tamam olub. Ötən 20 illik tarixi, Azərbaycanın üzləşdiyi çətinlikləri və nailiyyətləri müzakirə etmək üçün redaksiyamıza tarix elmləri doktoru, professor Cəmil Həsənlini dəvət etmişik. Canlı forum oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:30-da başlayıb 23:00-da başa çatıb.
Hər vaxtınız xeyir, hörmətli oxucular. Bugünki Canlı Forumun aparıcısı mən, Emil Quliyevəm. Qonağımız isə əvvəlcədən bəyan etdiyimiz kimi tarix elmləri doktoru, professor Cəmil Həsənlidir. Elmi araşdırma aparmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Cəmil bəy, bizim Canlı Forumda iştirak etmək üçün təklifimizi qəbul edərək, redaksiyamıza gəlib.
Cəmil bəy, xoş gəlibsiniz redaksiyamıza!
Cəmil Həsənli: Xoş gördük!
Oxucularımızdan daxil olan ilk sual belədir:
Sual: Azərbaycan xalqının bir hissəsinin müstəqillikdə yaşamasına, digər böyük hissəsinin başqa dövlətin yurisdiksiyasında olmasına necə baxırsınız?
Cavab: Əlbəttə, istənilən halda xalqların bölünməsi yaxşı hadisə deyil. Bu, bölünmə XIX əsrin əvvəllərində baş vermiş və xüsusilə 100 ildə şimalda və cənubda yaşayan azərbaycanlılar bir qədər fərqli tarixi yol keçməli olublar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın şimalı Sovetlər Birliyi dağılandan sonra öz müstəqilliyinə qovuşdu, lakin onun cənubunda böyük bir xalq siyasi hüquqlardan əlavə tarixi və mədəni hüquqlardan belə məhrum olunmuş vəziyyətdə yaşamaqdadır. Azərbaycanın birləşməsi məsələsi bir neçə dəfə tarix müstəvisinə çıxıb, bunun ən aydın ifadəsi 1945-46-cı il Cənubi Azərbaycan hadisələrində özünü göstərdi, lakin həmin dövrün şərtləri əlverişli olmadığından bu birləşmə baş tutmadı.
Sual: Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə digər Sovet Respublikaları da azadlıqlarına qovuşdular. Digər post-sovet ölkələri ilə müqayisə etsəniz, Azərbaycanın son 20 illik tarixi ərzində böyük uğurlar əldə etdiyini söyləyə bilərsinizmi?
Cavab: Bir çox post-sover respublikaları ilə müqayisədə Azərbaycan müstəqilliyini öz mübarizəsi ilə əldə edib. Bəzən belə bir suallar çıxır, müzakirələr aparılır, “Onsuzda SSRİ dağılacaqdı və digər respublikalar kimi Azərbaycan da azad olacaqdı. Bu mübarizəyə nə ehtiyac var idi?”. Bu yanlış yanaşmadır. SSRİ ona görə dağıldı ki, yerlərdə ona qarşı mübarizə oldu. Xüsusilə Baltikyanı ölkələrdə, Ukrayna və Gürcüstanda o cümlədən Azərbycanda baş verən mübarizə, anti-sovet hərəkatlar Sovetlər birliyinin dağılmasında mühüm rol oynadı. Əgər biz Vilnüsdə, Tbilisidə və Bakıda Sovet ordusunun törətdiyi qanlı qırğınları müqayisə etsək, Azərbaycandakı 20 yanvar hadisəsi Sovet sisteminin böhranının başlanğıcını qoydu. Baxmayaraq ki, Sovet ordusu qələbə çaldı, şəhəri tutdu, amma bu, Sovetlərin Pirr qələbəsi idi. Bu hadisədən sonra Sovet quruluşu artıq dağılmaya doğru getdi və bərpa oluna bilmədi. Azərbaycanın çağdaş müstəqilliyə yolu 90-cı ilin yanvar hadisələrindən keçdi.
O ki qaldı, digər respublikalarla müqayisəyə, Azərbaycan müstəqilliyinin istisadi təməlləri güclüdür və Azərbaycanın son 20 ildə az-çox müstəqil siyasəy yeritməsinin arxasında da məhz bu amil dayanır. Xırda istisnalarla post-sovet ölkələrində vəziyyət təxminən eynidir. Azərbaycanın müstəqilliyinin 20 illiyi tarixi bir hadisədir və bu müstəqillik xalqımızın tarixinin və taleyinin aparıcı istiqamətidir.
Sual: Cəmil müəllim, Sizin fikrinizcə Azərbaycan Respublikasının müstəqilliyi İran Azərbaycanında milli şüurun oyanmasına nə təsir buraxıb? Bilirsiniz ki, Sovet hökuməti İranda Azərbaycan milli hərakatını vaxtiylə dəstəkləyirdi. Müqayisədə indiki Azərbaycan hökuməti bu məsələyə necə yanaşır?
Cavab: Tanınmış İran tarixçisi Seyid Əhməd Kəsrəvi maraqlı bir fikri var idi. O yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə yerləşdiyi halda, Şimalı Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Tehran ehtiyat etməyə başladı ki, Təbriz öz qibləsini şimalda – Bakıda tapsın. Bu fikrin müəyyən tarixi-siyasi əsasları var. Hətta biz 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin Cənubi Azərbaycan təsirinə baxsaq, maraqlı məsələlərin şahidi olarıq. İndikindən fərqli olaraq AXC-nin Cənubi Azərbaycanın demək olar ki, bütün şəhərlərində ya baş konsulluğu, ya konsulluğu, ya da konsul agentliyi var idi. Onlar öz hesabatlarında göstərirdilər ki, şimali Azərbaycanda müstəqil dövlətin mövcudluğu cənubda milli kimliyi müəyyən edən mühüm amilə çevrilməkdədir. Eyni müşahidəni biz 1945-46-cı illərdə gördük və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra da gördük. Məsələn, əgər biz müqayisə etsək, 1991-ci ilədək Cənubi Azərbaycanda kimlik məsələsinə münasibət necə idi, ondan sonra nələr baş vermişdir. Tarixi inkişafın artan xəttinin şahidi olarıq. Ancaq bununla belə, şimalda azad, demokratik, insan haqlarına sayqı ilə yanaşan bir dövlətin mövcudluğu cənub üçün cazibə mərkəzinə çevrilə bilər. Əgər sərhəd məntəqəsindən tutmuş Bakı metrosunadək cənubdan gələn soydaşımızın cibinə girəcəklərsə, bu zaman Bakı cənub üçün cazibə mərkəzi rolunu itirə bilər. Biz bunun fərqlinda olmalıyıq.
Sual: Cemil bey Azerbaycanin indiki iqtidari ne derecede ilk musteqil respeblikamizin ideallarina sadiqdir? Düzgün yolnan irelileyirik, yoxsa bu yol bizi dalana aparir?
Cavab: Azərbaycan Xalq Cümhuriyyətini idarə edənlər nadir adamlar idi. Onlar özlərini, bütün varlıqlarını və hətta, sərvətlərini belə Azərbaycanın müstəqilliyinə təslim etmişdilər. Çünki onlar müstəqillik uğrunda mübarizə aparmışdılar, böyük qurbanlar vermişdilər. Cümhuriyyət onlar üçün milli inkişaf konsepsiyası idi. Məsələn mən bir nümunə deyim. Rəsulzadə həmişə milli maraqları firqə maraqlarından üstün tutub. Yaxud baş nazir Nəsib bəy Usubbəyov Gəncədə yaşayan atasına yazırdı ki, uşaqları saxlamağa pulum çatmır, mənə bir az pul göndər. Belə nümunələr artıq tarix hadisəsidir. Biz belə yanaşma ilə indi qarşılaşa bilmərik. Həmin adamlar öz varidatlarını da cümhuriyyət ideyasına xərclədilər. İndi isə vəzifə böyük vəsaitlər mənimsəmək üçün bir vasitədir. Bilirsiniz, sualda müqayisə istəyir. Azərbaycan hakimiyyətində həmişə 3-5 nəfər zəif adam olub. Lakin, heç vaxt bu qədər zəif, intellektsiz, elmdən və mədəniyyətdən, habelə milli ideyadan uzaq olan adamlar eyni vaxtda, eyni hakimiyyətdə təmsil olunmayıb.
Sual: Cox hormetli Cemil muellimi ve Siz, VOA Azerbaycanin deyerli emekdaslarini salamlayiram. Sualim: Sizce indiki sheraitde Musteqilliyin daimi olmasini shertlendiren amiller hansilardir?
Cavab: Müstəqilliyin daimi olmasının ilk təminatı xalqdır. Müstəqillik xalqın böyül mübarizəsi ilə əldə edildi, sözün tam mənasında ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda inqilab baş verdi, xalq tarix səhnəsinə çıxdı və müstəqillik əldə edildi. 18-20-ci illərdən fərqli olaraq hazırki müstəqillik daimi prosesdir. Beynəlxalq şərtlər bu daimiliyə təminat verir. 1917-18-ci illərdə Rusiya I Dünya mübaribəsində qalib Antantanın üzvü kimi dağılırdı. Dünyanın taleyini müəyyən edən dövlətlər bu dağılmaya hazır deyildi. 1920-ci ildə müstəqilliyin itirilməsinin ən böyük səbəbi də bununla bağlı idi. Ötən əsrin 90-cı illərində SSRİ Qərbin potensial düşməni kimi dağıldı və yeni yaranan respublikalar böyük sürətlə beynəlxalq birliyə qovuşdu.
Sual:Salam mene maraqlidi bir zamanlar 1918-1920-ci illərdə AXC-nin sexsiyetlerine niye lazimi diqqet gosterilmir ve niya Azerbaycan cenubdaki soydaslarimiza laziminca komet etmir, Irana tepkilerini gostermir?
Cavab: Əlbəttə, AXC-nin liderləri müstəqillik illərində onlara göstərilən münasibətdən daha yüksək qayğıya, hörmətə və diqqətə layiqdirlər. Bir müddət əvvəl mənim bir yazım mətbuatda dərc edilmişdi. Bakı şəhərində Hüsnü Mübarəkin heykəli var idi, amma Məmməd Əmin Rəsulzadənin heykəli yox idi. Bu, tarixin böyük istehzası idi. Mənə belə gəlir ki, cümhuriyyət ideyasına görə, o nəslə minnətdar olmalıyıq. Cümhuriyyət qurucularının, yaradıcı babaların bugünki millətimizin və dövlətimizin üzərində böyük haqqı var. Bu haqqı onlara qaytarmaq lazımdır.
Cənubi Azərbaycan məsələsinə gəldikdə isə, biz gərək dövlətin imkanların düzgün qiymətləndirək. Azərbaycan yeni dövlətdir, əraziləri işğala məruz qalıb. O, qonşulara münasibətdə beynəlxalq münasibətlərin və beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsiplərinə hörmətlə yanaşmalıdır. Mənə belə gəlir ki, bu məsələdə dövlətdən çox şey ummaq düzgün olmazdı. Amma bir xalq diplomatiyası deyilən ifadə də var. Cənubi Azərbaycana münasibətdə xalq diplomatiyasının imkanlarından geniş istifadə edilməlidir və mənə belə gəlir ki, edilir də!
Sual: Siz indiki Azerbaycan gencliyine ne tevsiyye ederdiniz?
Cavab: 1907-ci ildə Bakıda Həsənbəy Zərdabinin dəfnində Əhməd Ağaoğlunun maraqlı bir sözü var. O, dəfn mərasimində əlini Həsənbəyin cənazəsinə uzadaraq deyir: “Ey müqəddəs ruh, sən ki gedirsən o dünyaya əvvəla babalarımıza bizdən salam deyərsən, sonra da onların yaxasından tutub soruşarsan, A kişilər bu nə vətəndir bizim üçün qoymusunuz?” Mənim gənclərə böyük arzum budur ki, biz nəsilbənəsil bu sualı verə-verə dünyadan getməyək. Bu vətənə sahib çıxaq. Bunun üçün ilk növbədə dərin savad, geniş intellekt əldə etmək, vətənçilik məktəbindən keçmək lazımdır. Bisavad gənclik vətən qoruya bilməz.
Sual: Azerbaycan mustegilliyini elde edenden 20 il kecib.Bu vaxt erzinde real hakimiyyet bir nece klanin elinde cemleshib.Factiki olaraq Azerbaycan xanliglara bolunub. Dediklerimi nezere alarag sualim budur: Gurulan azadlig ne formasindadir? Xanlig, monarxiya ve ya iddia etdikleri kimi demokratiya.
Cavab: Sualın bir hissəsi ilə razıyam. Azərbaycan müstəqilliyinin əldə edilməsindən 20 il keçməsinə baxmayaraq, bu müstəqilliyi əldə etmiş xalq onun verdiyi imkanlardan istifadə edə bilmir. Ölkədə azad, demokratik seçkilərin keçirilməsinə böyük ehtiyac var. Yalnız doğru-düzgün seçki yolu ilə xalq öz iradəsini ifadə edə bilər. Təəssüflər olsun ki, Azərbaycanda bu, hələ də mümkün olmamışdır. Bir sıra yüksək vəzifəli şəxslər üçün müstəqillik Azərbaycanı müstəqil sökmək məqamına çevrilmişdir. Son dərəcə təsadüfi adamlar dövlətdə və hakimiyyətdə heç bir parametrə görə layiq olmadığı yerləri tutmuşlar. Bu, korrupsiyanın çiçəklənməsinə şərait yaratmışdır. Təəssüflə qeyd etməliyəm ki, balaca Azərbaycan böyük korrupsiya bataqlığına çevrilmişdir. Bu bataqlıqdan çıxmağın yolu hələ ki, görünmür. Ayrı-ayrı korrupsioner və inhisarçı qruplar ölkəyə nəzarəti ələ keçirmişdir. Onlar öz şərtlərini xalqa diktə edirlər. Bu isə idarəçilikdə neqativ meyllərə gətirib çıxarır, xalqı ümidsizləşdirir, ərazisi işğal olunmuş bir ölkənin vətəndaşının ümidsiz vəziyyətə düşməsi yaxşı hadisə deyil.
Sual: Cəmil müəllim, Azərbaycan müstəqil olandan sonra, xüsusilə son vaxtlar Cənubi Azərbaycan elə bilin yaddan çıxıb. Cənubla bağlı çox xəbər olanda insanlar o sayt və ya səhifəyə girmək istəmirlər. Hətda Cənub üçün milli simvola çevrilmiş Traktorun xəbərləri də Azərbaycan Respublikasında ələlxüsus cavanları maraqlandırmır. Bu nəynən bağlıdır. Gənclərin diqqəti maşına, pula çevrilib yoxsa hökumətin Cənubun mövcudluğu barədə bir söz deməməsi hətda onu yox qəbul etməsi iləmi əlaqədardır. Cəmil müəllim siz və sizin kimi bir neçə dəyərli alimlərimizi, qeyrətli jurnalist və yazıçılarımızı nəzərdə tutmasaq elə bilin Cənub ziyalıların yadından da çıxıb. Görəsiniz onların başı da maşına, evə, pula qarışıb. Mən indi necə sovet vaxdını axdarmayım. indi bu cəhətdən vəziyyət daha pis dəyilmi. Heç olmasa onda bir həsrət var idi sovet maraqları adı altında olsa da yazılırdı. Elə bilin ki, yollar açıldı görüşdük qugtardı. İllər keçdikçə elə bilin ayrı millətlərdən danışırıq. Özü də birləşmə filan kimi xəyallardan bəhs edən adamlar, ziyalılar da buna daxildir. Dilimiz, ənənələrimiz ayrılır. Onların yazıçılarından, ziyalılarından Azərbaycanda çoxunun xəbəri yoxdur çünkü yazılmır, ona görə ki maraq yoxdur. Onların dili lağa qoyulur. Bu xalqın öz dilində təhsili yoxdur. Bunu başa düşmürlərmi?
Cavab: Sualda cənuba marağın azalmasından keçirilən narahatçılıq təqdirə layiqdir. Əlbəttə, bu, bizim oxucunun müşahidəsidir. Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə nəzərə almalıyıq ki, cənubla bağlı informasiya çoxalıb. İndi cənubla bağlı bir həftə ərzində aldığımız informasiyanı, Sovet dövrünün heç bir ilində də almırdıq. İkinci mühüm məsələ informasiya mənbələrinin etimadlılığı məsələsidir. Bəzən elə olur ki, səhər verilən informasiya axşam təkzib olunur. Bu, oxucuda inamsızlıq yaradır. İnamsızlıq isə öz növbəsində marağın azalmasına gətirib çıxarır. Mənim müşahidələrimə görə, cənubda maraqlı proses gedir, əhali tədricən öz milli kimliyinə tapınır, öz milli dilində danışmağa başlayır. Azərbaycanın cənubunda da, şimalında da milli ideya uğrunda mübarizə milli dil uğrunda mübarizədən keçir. Bu gün həmin proses cənubda davam edir.
Cəmil müəllim redaksiyamıza daxil olan suallar həddən artıq çox olmasına baxmayaraq, Canlı Forum üçün ayırdığımız vaxt burada başa çatır. Sizə vaxtınızı ayırıb redaksiyamıza gəldiyinizə görə və oxucularımızın suallarını cavablandırdığınıza görə dərin təşəkkürümüzü bildiririk.
Cəmil Həsənli: Məni redaksiyanıza dəvət etdiyiniz üçün təşəkkür edirəm.