Kanadalı yük maşını sürücüləri ABŞ-la daha bir sərhəd keçidini bloklayıb

Cümə axşamı Kanadada koronavirus məhdudiyyətlərinə etiraz edən yük maşını sürücüləri ABŞ-la digər bir sərhəd keçidini blok edib.

Keçidin bağlanması artıq ABŞ-dakı biznəeslərə təsir edib. Belə ki, Detroitlə Ontarionu birləşdirən Səfir Körpüsünün bir neçə gündür bloklanması böyük avtomobil istehsalçılarını bir neçə zavodda istehsalı azaltmağa məcbur edib.

Budan əlavə Kanadanın Qərbi Alberta əyalətindəki keçid bir neçə gündür artıq bloklanıb.

Təchizat çatışmazlığını səbəb göstərən Ford, Kanadadakı zavodlarda istehsalı yavaşlatmaq məcburiyyətində qaldığını bildirir. General Motors isə bir neçə iş növbəsini ləğv etdiyini, Toyota da zavodlarının zərər çəkdiyini xəbər verir.

Kanadanın paytaxtında polis cümə axşamı bildirib ki, şəhəri iflic edən yük maşınlarını ərazidən uzaqlaşdırmaq üçün əlavə qüvvələr cəlb edib, daha çox cərimələr yazılaraq, həbslər edilib.

İcmalar Palatasınının önündə jurnalistlərə müraciət edən baş nazir Castin Trüdo sərhəd bloklanmalarını pisləyərək bunu “qəbuledilməz” olduğunu deyib. O, etirazlara son qoymaq üçün bütün ölkə üzrə rəsmilərlə işlədiyini bildirib.

Digər tərəfdən məsələ ilə bağlı rəsmi Vaşinqton da Kanada hökümətinə təzyiqləri artırıb. ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Aleksandro Mayorkas kanadalı həmkarı ilə telefon danışığı zamanı məsələnin həll olunması üçün federal gücdən istifadə olunmasına çağırıb.

Bununla belə etirazçılar iki həftədir davam edən etirazların beynəlxalq hərəkata çevrilməsindən qürur duyur. Trudo və Vaşinqtonun vaksin əleyhinə etirazların iqtisadi təhlükə törətdiyinə dair xəbərdarlığına baxmayaraq, yük maşını hərəkatından ilhamlanan mitinqlər Yeni Zelandiyadan Fransa və Belçikaya kimi başqa yerlərdə də baş qaldırıb.