Nazirlər Kabinetinin yüksək rütbəli rəsmisinin çərşənbə günü dediyinə görə, Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilatlar siyahısına daxil edir və bu ölkədə yaşayan keçmiş İran rəsmiləri ilə bağlı araşdırama apara bilər.
İctimai Təhlükəsizlik naziri Dominik Leblan jurnalistlərə açıqlamasında "Kanada SEPAH tərəfindən həyata keçirilən terror fəaliyyətləri ilə mübarizə üçün bütün mümkün vasitələrdən istifadə edəcək" deyib və bunun "çox güclü və inandırıcı dəlilləri" əks etdirdiyini bildirib.
ABŞ 2019-cu ilin aprelində oxşar addım atmışdı.
Müxalifət qanunvericiləri uzun müddətdir İslam İnqilabı Keşikçiləri Korpusunun siyahıya alınmasını tələb etsə də, Liberal hökumət bunun gözlənilməz nəticələrə səbəb ola biləcəyini deyərək, imtina etmişdi.
Leblandan bu qərarın nəyə görə bu qədər uzun sürdüyünü soruşduqda, o, qərarın siyasi təzyiq nəticəsində deyil, qanuna və təhlükəsizlik xidmətlərinin tövsiyələrinə əsaslanaraq verildiyini deyib.
Kanada artıq SEPAH-ın xaricdəki qolu olan "Qüds Qüvvələri"ni terrorçu qruplar siyahısına salıb. Ottava Tehranla diplomatik münasibətləri 2012-ci ildə kəsib.
İranda biznes imperiyasına, eləcə də elit silahlı və kəşfiyyat qüvvələrinə nəzarət edən güclü fraksiya olan SEPAH qərb dövlətləri tərəfindən qlobal terror kampaniyası aparmaqda ittiham olunur. İran bu ittihamı rədd edir.
"Kanadada olan İranın hazırkı və keçmiş yüksək rütbəli dövlət məmurları araşdırıla və kənarlaşdırıla bilər" - deyə, Leblan bildirib.
O, bu qrupa daxil ola biləcək şəxslərin kimliyi və sayı barədə təfərrüatları açıqlamayıb.
Qrup terror siyahısına salındıqdan sonra polis qrupa maddi və ya maliyyə dəstəyi verən hər kəsə qarşı ittiham irəli sürə bilər, banklar isə onların aktivlərini dondura bilər.
2022-ci ilin oktyabrında Kanada SEPAH-ın yüksək rəhbərliyinin ölkəyə girişini qadağan edəcəyini və daha məqsədyönlü sanksiyaların tətbiq ediləcəyini vəd edib.