Amerika çöllərində əsasən bizon ovulamaqla məşğul olan Komançi hindlilərinin həyatı 1875-ci illərdə dəyişib. Hazırda müasir həyata uyğunlaşan komançilər öz keçmişləri ilə fəxr edirlər. Müxtəlif qəbilələrlə qaynayıb-qarışan komançilər milli mədəniyyətlərini qoruyub saxlamağa çalışırlar.
Komançi hindlilərinin şahzadəsi Kimberli De Hisus milli rəqslərini ifa edir. Onun anası sonuncu kamançi lideri Kuana Parker nəslindəndir. Lakin atası Tito De Hisus puerto-rikalıdır və Birləşmiş Ştatlar Ordusunun qonşuluqdakı Fort-Sill düşərgəsində qulluq edib. “Biz həyat yoldaşımla burada rastlaşmışıq və mən burada qalmağıma çox şadam” deyə, Tito De Hisus bildirir.
De Hisus bu qəbilənin üzvü olması və qızının hazırkı tituluna görə qürur hissi duyduğunu deyir.
Kimberli özünü öyrənməyə çalışdığı Komançi dilində təqdim etməyə çalışır. “Çətindir, lakin gənc nəsil bu dili öyrənməsə, dil ölə bilər.”
Keçmişdə ağdərili müəllimlər hindli uşaqları ingilis dilini öyrənməyə məcbur edir, öz ana dillərində danışan uşaqları isə cəzalandırardılar. Lakin bu gün hətta yaşlı insanlar belə kollecdə Komançi dilini öyrənməyə çalışır. Onlardan biri 68 yaşlı Klifford Takavanadır. “Mənə heç vaxt Komançi dilini öpyənmək qismət olmadı. Onlar daha yaxşı gələcəyimiz və daha yaxşı iş tapmamız üçün bizə bu dili öyrətmədilər. Onlar kKomançi dilinin bizi geri salacağını düşünürdülər.”
Takavana deyir ki, yaşlıların Komançi dilində duaları ona ilham verir və o, bu dili öyrənməyə daha çox can atır. “Bu dualar dili bilən insanlar üçün çox dərin və böyük məna kəsb edir. Mən də hərdən bunu etmək istəyirəm.”
Komançi dilini nənəsi və babasından öyrənən Qay Narkomi bu dili tədris etməyə və qoruyub saxlamağa çalışır. “Təkcə Amerikada deyil, başqa ölkələrdə də bu problem yaşanır. Şəxsən mən düşünürəm ki, bu mənim böyüyüb başa çatdığım dildir, bu mənim öz dilimdir və mən bunun üçün nəsə etməyə bilmərəm.”
ABŞ boyu kazino biznesindəki müvəffəqiyyətləri, eləcə də qonaqpərvərlikləri ilə fəxr edən komançilər bu sıraya keçmişlərini də əlavə etmək əzmlidirlər.