Camal Xaşuqcinin nişanlısı beynəlxalq təhqiqata çağırır

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı Hatice Cengiz

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin nişanlısı yeni açıqlanmış hesabatda onun qətlinə görə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığı haqda nəticə çıxarıldıqdan sonra BMT-nin İnsan Hüquqları Şurasını təhqiqat aparmağa çağırıb.

Türkiyə vətəndaşı olan Hatice Cengiz çərşənbə axşamı günü BMT-nin İnsan Hüquqları Şurasında iclasdan sonra deyib ki, Xaşuqcinin “əvvəlcədən planlaşdırılmış qətli” ilə əlaqədar beynəlxalq təhqiqata “təcili olaraq ehtiyac” duyulur.

Arxiv fotosu - İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin xatirəsi anılır, 25 oktyabr, 2018.

ABŞ-da yaşayış icazəsi olan Washington Post qəzetinin yazarı Camal Xaşuqci evlənmək üçün sənədlərini almaq məqsədilə keçən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdiyi zaman orada qətlə yetirilib. Xaşuqci Washington Post qəzetində yazdığı məqalələrdə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasəti tənqid edirdi.

Hatice Cengizin çağırışından öncə keçən həftənin çərşənbə günü BMT-nin insan hüquqları üzrə təhqiqatçısı Aqnes Kallmard qətllə bağlı hesabatını açıqlayıb. Hesabatda dəlillərin jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın məsuliyyət daşıdığını göstərdiyi bildirilir.

SEE ALSO: BMT məruzəçisi: Dəlillər Səudiyyə vəliəhdinin Xaşuqcinin qətlinə görə məsuliyyət daşıdığını göstərir

Kallamard BMT-nin baş katibi Antonio Quterreşi Xaşuqcinin qətli ilə əlaqədar təhqiqatın başladılmasına çağıraraq, deyib ki, “dünya buna göz yummamalıdır.”

BMT-nin xüsusi məruzəçisi altı ay sürən təhqiqatdan sonra açıqladığı 100 səhifəlik hesabatında Səudiyyə Ərəbistanını “əvvəlcədən düşünülüb planlaşdırılmış qətldə” ittiham edib.

Səudiyyə Ərəbistanı krallığı əvvəl qətldən xəbəri olmadığını bəyan edib, lakin sonradan buna görə “yaramaz agentləri” günahandırıb. Səudiyyə Ərəbistanı prokurorları isə vəliəhdin heç bir məsuliyyət daşımadığını bildiriblər.