Kaliforniya məktəbində silahlı şəxsin atəş açması nəticəsində iki nəfər həyatını itirib

Kaliforniya ştatının San Bernardino şəhərində silahlı şəxsin məktəbdə atəş açması nəticəsində onun keçmiş həyat yoldaşı və bir şagird həyatını itirib.

Polisin bildirdiyinə görə, 53 yaşlı Sedrik Anderson San Bernardino şəhərindəki North Park məktəbinə daxil olaraq, Karen Elayn Smit adlı müəllimi güllələdikdən sonra özünü vurub.

Müəllimin arxasında olan iki şagird də açılan atəşlər zamanı yaralanıb. Yaralı şagirdlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Lakin 8 yaşlı Conatan Martinez aldığı güllə yaraları səbəbindən xəstəxanada dünyasını dəyişib.

İkinci şagirdin də əvvəlcə vəziyyətinin kritik olduğu bildirilsə də, polis hazırda onun durumunun sabitləşdiyini deyib.

Hücumdan sonra məktəbdəki şagirdlər evakuasiya edilərək, yaxınlıqdakı Kaliforniya Dövlət Universitetinin şəhərciyinə köçürülüb.