Kaliforniyanın İrvin universitetində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Kaliforniyanın İrvin universitetində Xocalı prezentasiyası

Tədbirdə iştirak edən bəzi erməni tələbələr məruzəçilərə suallar verib, Xocalı qurbanlarının ailələrinə başsağlığı bildiriblər
ABŞ-da Azərbaycan diaspor təşkilatları, eləcə də Amerikada yaşayan azərbaycanlılar Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası “Dağlıq Qarabağ Münaqişəsi: Məhv edilmiş şəhərin tarixçəsi” mövzusunda seminar təşkil edib. Amerika Azərbaycan Şurası və AYNA şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə tələbə assoasiyasının üzvləri Aytən Nəbiyeva, Rəfiqə Qurbanzadə, Montana ştatının universitetinin professoru Tomas Qolts, Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov məruzə ediblər.

Qarabağdan məcburi köçkün olan olan Rəfiqə Qurbanzadə toplaşanlara hazırkı Xocavənd (əvvəl Hadrut) rayonunda Çərəkənd kəndi haqda xatirələrini bölüşüb. O, bir zaman uşaqlıq illərini keçirdiyi Qarabağa qayıdıb babasının qəbrini ziyarət edə biləcəyinə ümid etdiyini deyib.

Tədbirdə jurnalist və yazar Tomas Qoltsun Xocalı haqda çəkdiyi sənədli film nümayiş etdirilib. Tədbirə Azərbaycan və türk icmaları, eləcə də Kaliforniyanın Orenc dairəsini təmsil edən erməni icmasının üzvləri qatılıblar. Auditoriyada olan erməni tələbələr Azərbaycan cəmiyyətində mənfi münasibətin güclənməsi və Əkrəm Əylislinin “Daş yuxular” kitabı ilə bağlı suallar verib, onlardan biri isə Azərbaycanda dini tolerantlıq və müxtəlif dinləri təmsil edən qruplar arasında münasibətlərin öyrənilməsinə maraq göstərdiyini bildirib.

Amerika Azərbaycan Şurasının yaydığı məlumata görə, tədbirin sonunda bəri erməni tələbələr məruzəçilərə maraqlı prezentasiyaya görə təşəkkür edib və Xocalı qurbanlarının ailələrinə başsağlığı bildiriblər.