Cabbar Savalanlı: Biz, azadlıq mücahidləri, sonadək azadlıq uğrunda döyüşəcəyik

Cabbar Savalanlı: Biz, azadlıq mücahidləri, sonadək azadlıq uğrunda döyüşəcəyik

Cabbar Savalan bu il fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. Hüquq müdafiəçiləri hesab edir ki, onun həbsinin əsl səbəbi müxalifətin etiraz aksiyalarında, əsasən yanvarın 20-də Şəhidlər Xiyabanında nümayişdə fəal iştirakı və sosial şəbəkələrdə iqtidarı tənqid edən materiallarla çıxış etməsidir.

Sumqayıt Şəhər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının gənc fəalı Cabbar Savalanı qanunsuz narkotik maddə saxlamaqda təqsirli bilərək, 2,5 il müddətinə azadlıqdan məhrum edib. Ötən gün prokuror onun 3 il müddətinə məhkum olunmasını istəmişdi.

Cənab Savalan son sözündə deyib. “İnsanlara çörək və azadlıq eyni vaxtda verilir. Çörəyi seçənlər sonradan həm onu, həm də azadlığı itirir. Mən azadlığı seçdim, ona görə də, qismən azadlıqdan məhrumam. Məni zindanlara atsalar da, onsuz da azadam. Biz, azadlıq mücahidləri, sonadək azadlıq uğrunda döyüşəcəyik. Biz, bu hakimiyyətin azadlıq tabutuna girməyəcəyik və inşallah azadlıq məbədində görüşəcəyik”, - deyə o, qeyd edib.

Hakim hökmü oxumağa başlayanda Savalanlının tərəfdarları “Məhkəməyə ar olsun!”, “Savalana azadlıq!” şüarlarını səsləndirib. Bundan sonra, gənc müxalifətçiləri saxlanıb.

Jurnalistlərin çəkiliş aparmasına imkan verilməyib və onlara təzyiq göstərilib.

Cabbar Savalan bu il fevralın 5-də Sumqayıtda qanunsuz narkotik saxlama ittihamı ilə həbs edilib. Hüquq müdafiəçiləri hesab edir ki, onun həbsinin əsl səbəbi müxalifətin etiraz aksiyalarında, əsasən yanvarın 20-də Şəhidlər Xiyabanında nümayişdə fəal iştirakı və sosial şəbəkələrdə iqtidarı tənqid edən materiallarla çıxış etməsidir.

Vəkil Anar Qasımov Amerikanın Səsi radiosuna müsahibəsində Cabbar Savalanlının həbsini hüquq normalarının pozulması kimi qiymətləndirib və apelyasiya şikayəti veriləcəyini deyib. “Məhkəmə hüquqi sübutlara əsaslanmayıb. Ekspert rəyində Savalanlının narkotik istifadəçisi olmadığını təsdiq edir. Cabbar Savalanlı kasıb ailədəndir. O uşaq yaşlarında atasını itirib. Həbs edilərkən cibində cəmi bir manat pulu olub. O tələbə idi və müxalifət fəalı olaraq tədbirlərdə iştirak edirdi. Biz məhkəmənin qərarının haqsız olduğunu sübut etmək üçün Avropa İnsan Haqlarınadək şikayətimizi davam etdirəcəyik”.

Vəkil eyn zamanda özünün də hədələndiyini deyib. “Sumqayıt hüquq mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşı məni hədələyib. Barəmdə kompromat topladıqlarını bildirib. Mən onun hərəkətlərindən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Vəkillər Kollegiyasına şikayət verəcəm. Bu mənim vəkillik fəaliyyətimə mane olmaqdır”.

AXCP sədri Əli Kərimli məhkəmənin hökmünü ədalətsiz adlandırıb. “Cabbar həbs edildiyi ilk gündən məlum idi ki, onun uzaqdan-yaxından narkotik ilə hər-hansı bir əlaqəsi yoxdur, bu, hakimiyyətin şər-böhtanıdır. Bu həbslər ərəb inqilabları fonunda hakimiyyətin gənclərin və bütünlükdə vətəndaşların sosial şəbəkələrdə fəallaşması qorxusundan doğan həbslərdir”, - deyə o Turan agentliyinə bildirib.

Cənab Kərimli hakimiyyətin təqib kampaniyasını, xalqa qarşı repressiv metodlardan istifadəsini qəti şəkildə pisləyib, bu anti-insani davranışın dayandırılmasını tələb edib. “Bu zorakılıqlar Azərbaycanda demokratiya uğrunda mübarizənin qarşısını ala bilməyəcək. Rəsmi Bakını digər avtoritar rejimlərin taleyindən nəticə çıxarmağa çağırıram”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu məhkəmənin hökmümü biabırçılıq adlandırıb.

“Mən çox məhkəmələr görmüşəm, amma belə biabırçı məhkəmə və biabırçı qərar görməmişəm. Azərbaycan bu qərarın acısını beynəlxalq aləmdə hələ çox çəkəcək. Ekspertiza təsdiq edir ki, Cabbar narkoman deyil, amma nə qədər haqq və ədalətdən uzaq olmalısan ki, bu halda belə 19 yaşında gənci cəzanın ən yüksək həddi ilə cəzalandırasan”.

O Cabbar Savalanlının siyasi məhbus olduğunu bildirib. “Bu qərar ölkədə istər prokurorluq, istərsə də məhkəmə orqanlarının müstəqil olmamasının şərhsiz göstəricisidir. Aparıcı dövlətlərin səfirliklərinin, beynəlxalq qurumların təmsilçilərinin iştirakı ilə keçirilən məhkəmədə belə qərar çıxarılması Azərbaycanın imicinə dəyən ən ciddi zərbədir. Şübhəsiz, Cabbar Savalanlı siyasi məhbuslar siyahısına daxil ediləcək”, -deyə o qeyd edib.