Bəxtiyar Hacıyev: Problemi qaldıran susdurulursa, ictimai nəzarətdən danışa bilmərik

Your browser doesn’t support HTML5

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ictimai nəzarətin təşkili ilə bağlı problemlərdən danışıb.

Amerikanın Səsi: Hazırda Azərbaycanda ictimai nəzarəti həyata keçirmək üçün mühit varmı?

Bəxtiyar Hacıyev: Nəinki hazırda, artıq son 5-10 il ərzində belə bir mühitin olduğunu demək olmaz. Çünki ictimai nəzarəti həyata keçirəcək qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti fəallarının və müstəqil medianın müstəqil fəaliyyətinə çox ciddi maneələr yaranıb. Məhz buna görə də demək olmaz ki, Azərbaycanda hal-hazırda ictimai nəzarəti həyata keçirəcək mühit var.

Amerikanın Səsi: Hökumətin qərarlar qəbul etməsinə sosial şəbəkələr, qeyri-hökumət təşkilatları və ya ənənəvi media daha çox təsir edir?

Ənənəvi media öz funksiyasını həyata keçirmək əvəzinə, daha çox hakimiyyətin təbliğatı ilə məşğul olur.

Bəxtiyar Hacıyev: Düşünürəm ki, birmənalı şəkildə demək olar ki, ənənəvi media artıq hökumətin siyasətinə təsir etmək funksiyasını itirib. Çünki ənənəvi media, elə məhz hökumətin özü tərəfindən total nəzarətə götürülüb. Buna görə də, ənənəvi media öz funksiyasını həyata keçirmək əvəzinə, daha çox hakimiyyətin təbliğatı ilə məşğul olur. Sosial şəbəkələr və qeyri-hökumət təşkilatları müəyyən qədər rol oynayır. Ancaq nəzərə alsaq ki, son bir neçə il ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə çox ciddi maneə yaradılıb, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin bir qismi ölkəni tərk etmək məcburiyyətində qalıb, başqa bir qismi öz fəaliyyətlərini dayandırmaq və yaxud dondurmaq məcburiyyəti ilə üz-üzə qalıb. Hazırda yeganə ictimai nəzarəti həyata keçirmək üçün effektiv vasitə sosial şəbəkələr qalıb. Son vaxtlar hakimiyyətin istər icra qolu tərəfindən, istərsə də parlamentdə dəfələrlə belə təkliflər səsləndirilib ki, sosial şəbəkələr də nəzarətə götürülsün. Deyirlər ki, sosial şəbəkələrdə qeydiyyatdan keçmək şəxslərin şəxsiyyət vəsiqəsinin məlumatlarını tələb etmək şərti ilə oslun. Hökumət bununla da göstərir ki, yeganə ictimai nəzarət üçün qalan açıq qapını da bağlamaq niyyətindədir.

Amerikanın Səsi: Demokratik rejimlərdə ictimai nəzarət hansı yollarla həyata keçirilir?

Demokratik ölkələrdə müstəqil media, sosial şəbəkələr, vətəndaşlar, vətəndaş cəmiyyəti fəalları və eyni zamanda müxtəlif sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ictimai nəzarəti həyata keçirir.

Bəxtiyar Hacıyev: Elə bayaq sadaladığımız yollarla. Demokratik rejimlərdə, adətən, media müstəqil şəkildə öz funksiyasını həyata keçirir. Ölkədə baş verən hadisələri işıqlandırır, problemləri qabardır. Sosial şəbəkələrdə qaldırılmış məsələlər müvafiq qurumlar tərəfindən anında nəzarətə götürülür və problemlərin həllinə çalışır. Eyni zamanda, demokratik ölkələrdə qeyri-hökumət təşkilatları digər funksiyalarla yanaşı həm də ictimai nəzarət funksiyasını həyata keçirir. Özlərinin ixtisaslaşdıqları sahələrdə hansı problemlər varsa, həmin problemləri qabardırlar, ictimailəşdirirlər. Eyni zamanda, müvafiq qurumlar üzərinə ictimai basqını təşkil edirlər. Məhz bunların bir yerdə, bir ahəngdə fəaliyyəti nəticəsində ictimai nəzarət formalaşdırılır. Yəni, müstəqil media, sosial şəbəkələr, vətəndaşlar, vətəndaş cəmiyyəti fəalları və eyni zamanda müxtəlif sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ictimai nəzarəti həyata keçirir.

Amerikanın Səsi: Son dövrlərdə, həm beynəlxalq təşkilatlar, həm də yerli blogerlər Azərbaycanda bir sıra məmurların villaları, pul vəsaitləri, qeyri-qanuni yollarla əldə etdiyi var-dövlət ilə bağlı reportlar dərc edirlər. Bax, bu reportlar hökumətin qərarlarına təsir edə bilirmi?

Bəxtiyar Hacıyev: Birbaşa yox. Çünki nə qədər də biz, hətta ölkə başçısı səviyyəsində eşitsək ki, hakimiyyət ictimai nəzarətdə maraqlıdır. Biz belə məsələlərdə hakimiyyətin reaksiyasını görmürük. Halbuki normal demokratik bir ölkədə nəinki hansısa böyük bir məmurun qeyri-rəsmi yollarla əldə olunmuş mülkləri üzə çıxanda, hətta xırda bir şəhərdə xırda bir postu tutan məmurun da kiçik bir mülki aşkarlansa və məlum olsa ki, o qeyri-qanuni yollarla əldə olunmuş pullarla alınıb, həmin şəxs ən azından istefaya gedərdi, siyasi karyerasına son verərdi. Bir çox hallarda da onu görürük ki, nəinki böyük miqyasda korrupsiya halları, hətta xırda bir qüsur belə aşkarlananda bəzən bütün komanda, komanda olaraq istefaya gedir. Amma Azərbaycanda bunun tam tərsini görürük. Sanki hakimiyyət belə halları tam olaraq normal bir hal kimi qəbul edir.

Amerikanın Səsi: Azərbaycan hökuməti ictimai nəzarətin effektivliyini artırmaq üçün nə etməlidir?

Bir tərəfdən görürük ki, ölkə rəhbəri səviyyəsində deyilir ki, biz ictimai nəzarətdə maraqlıyıq, harada hansı problemləri görsəniz işıqlandırın, xəbərimiz olmur. Digər tərəfdən də görürük ki, bu problemləri ictimailəşdirən şəxslərə qarşı bənzəri görünməmiş repressiyalar başlayır.

Bəxtiyar Hacıyev: Azərbaycan hakimiyyəti birinci növbədə ictimai nəzarət və ictimai nəzarətin həyata keçirilməsində maraqlı olduğunu səmimi olaraq etiraf etməlidir. Bilinməlidir ki, doğrudan da hakimiyyət ictimai nəzarətdə maraqlıdır. Əgər, belə bir səmimi niyyət ortada olsa ki, bunun özü hakimiyyətin öz maraqlarına ziddir. Əgər belə bir maraq ortada olsa, birinci növbədə qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyətinə icazə verilər. Ölkədə azad medianın fəaliyyəti üçün şərait yaradılar. Onlara qarşı basqılara son qoyular. Vətəndaş cəmiyyəti fəallarına və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə qarşı siyasi repressiyalara son verilər. Yəni, biz bir tərəfdən görürük ki, ölkə rəhbəri səviyyəsində deyilir ki, biz ictimai nəzarətdə maraqlıyıq, harada hansı problemləri görsəniz işıqlandırın, bizə çatsın, bizim xəbərimiz olmur. Digər tərəfdən də görürük ki, bu problemləri səsləndirən və ictimailəşdirən şəxslərə qarşı bənzəri görünməmiş repressiyalar başlayır. İstər vətəndaş cəmiyyəti olsun, istər adi vətəndaş olsun, istərsə də qeyri-hökumət təşkilatı və onun rəıhbəri olsun. Yəni, bir tərəfdən ictimai nəzarətdə maraqlı odluğunu deyir, digər tərəfdən ictimai nəzarəti həyata keçirən media rəhbərlərinə və kütləvi informasiya vasitlərinə, qeyri-hökumət təşkilatlarına, onların rəhbərlərinə və yaxud da sıravi vətəndaşlara, hansılar ki, bəzən çox böyük problemləri belə qabartmırlar, tutaq ki, mülkiyyət hüququ pozulur, onlar belə susdurulursa, biz hansı ictimai nəzarətdən danışa bilərik.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq fundamental hüquqların, o cümlədəm söz, fikir, media, toplaşmaq, birləşmək azadlıqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir. Ölkə korrupsiya indeksində 180 ölkə arasında 129-cu, media azadlığı indeksində isə 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.