Bəxtiyar Hacıyev: Pandemiya dövlət idarəçiliyində problemlərin hamısını üzə çıxardı

Amerikanın Səsi: Siz Azərbaycan hökumətinin karantin dövründə fəaliyyətini uğursuz saydığınızı bildiribsiniz. Bunu nə ilə izah edə bilərsiniz?

Azərbaycan hakimiyyəti koronavirusla mübarizəyə ümumiyyətlə hazır olmayıb.

Bəxtiyar Hacıyev: Ümumiyyətlə Azərbaycan hökumətinin karantin dövründə yox, karantin dövründən əvvəlki fəaliyyətini də uğursuz sayıram. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) digər ölkələrə koronavirus daxil olmamış tədbirlər görməyi tövsiyə etdiyi bir vaxtda və vətəndaş cəmiyyəti Azərbaycan hakimiyyətini qonşu İranın artıq çox təhlükəli vəziyyətə gəldiyi bir vaxtda İranla sərhədi bağlamağa çağırdığı bir vaxtda Azərbaycan hakimiyyəti və müxtəlif rəsmilər vətəndaş cəmiyyətini panika yaymamağa çağırırdılar. Onlar vətəndaşlar arasına ajiotaj yaratdığımızı bildirirdilər. Amma sonradan göründü ki, əslində vaxtından əvvəl hazırlıqlar, sərhəddən bu virusun ölkəyə daxil olmasının qarşısını almaq daha doğru yanaşma olub. Biz bunu Gürcüstan misalında görürük. Gürcüstan artıq ilk yoluxma halının qeydə alındığı fevralın sonundan bir ay əvvəl virusla mübarizə istiqamətində ilk addımlarını atmışdır və çox maraqlıdır ki, Gürcüstanın qeydə aldığı ilk yoluxma İran-Azərbaycan sərhdini keçmiş və Azərbaycanın bütün ərazisini keçərək Azərbaycan- Gürcüstan sərhədində Azərbaycan sərhədini maneəsiz keçib təxminən 100-200 metr digər tərəfdə 5 dəqiqə sonra Gürcüstanda aşkarlanmışdır. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyəti koronavirusla mübarizəyə ümumiyyətlə hazır olmayıb. Hətta ilk vaxtlarda hazır deyildi. Sonradan vəziyyətin ciddi olduğunu anladı, tədbirlər görməyə başladı.

Your browser doesn’t support HTML5

Bəxtiyar Hacıyev: Pandemiya dövlət idarəçiliyində problemlərin hamısını üzə çıxardı

Amerikanın Səsi: Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizə proqramı qərb dövlətlərinin mübarizə strategiyası ilə nə ilə fərqlənir?

Müxtəlif qurumlar arasında olan səlahiyyət, resurs və digər məsələlər üzərində gedən mübarizə əslində pandemiyaya qarşı mübarizəyə çox mənfi təsir göstərir.

Bəxtiyar Hacıyev: Pandemiyaya qarşı mübarizədə müxtəlif ölkələrin müxtəlif strategiyaları oldu. Təbii ki, bu strategiyalar qurulanda dövlətlər başa düşürdülər ki, onlar müxtəlif maraqlardan qurbanlar verməlidirlər. Yəni bəzi ölkələr buna görə iqtisadi itkilərini hesablayıb, tədbirlər alırdı. Bəzi ölkələr isə sağlamlıq və səhiyyə sistemində olan özlərinin gücünü hesablayıb, buna uyğun qərarlar qəbul edirdilər. Azərbaycan hakimiyyəti nə səhiyyə sahəsində, yəni insanların sağlamlığı baxımından qurbanlar vermək istəmədi, nə iqtisadi itkilər vermək istəmədi, nə də ictimai siyasi reytinqini itirmək istəmədi. Amma vahid bir strategiyanın olmaması, yəni bir həftə sərt karantin tətbiq edib, sonra yumşalma edib, sonra həftə sonları qadağa edib, sonradan müəyyən sahələrə icazə verib, başqa sahələrin icazəsini ləğv etməklə hakimiyyət əslində göstərdi ki,qərarlar spontan verilir, qərarlar sistemli şəkildə verilmir. Müxtəlif qurumlar arasında olan səlahiyyət, resurs və digər məsələlər üzərində gedən mübarizə əslində pandemiyaya qarşı mübarizəyə çox mənfi təsir göstərir. Təkcə bir faktı demək kifayətdir ki, səhiyyə sektorunda məsələ ilə 3 qurum məşğul olur. Bu qurumların arasında bəzilərinə səlahiyyətlər verilir və sonradan alınır. Bəzilərində resurslar var. Digərlərində insan kapitalı, digərində səlahiyyət var. Bu paralel qurumların yaradılması əslində çox ciddi mənfi təsir göstərir.

Amerikanın Səsi: Sizcə ölkədə infeksiyaya yoluxma hallarının artmasının əsas səbəbləri nədir?

30 ilə yaxın bir müddətdə yalnız eyni siyasi partiya, eyni şəxslər hakimiyyətdə olub. Bu cəmiyyəti də elə onlar yetişdirib.

Bəxtiyar Hacıyev: Düşünürəm ki, infeksiyaya yoluxma hallarının artmasında müxtəlif səbəblər var. Amma ümumiyyətlə bu pandemiya özü uzun illər ərzində dövlət idarəçiliyində yaranmış müxtəlif problemlərin hamısını sanki üzə çıxardı. Əslində göstərdi ki, bizə kənardan görünən mükəmməl, vahid yeknəsək kimi görünən idarəetmə əslində çox pərakəndə və bir-birindən asIlı olmayan, rabitəsiz, bir-birindən doğru koordinasiya edilməyən bir idarəçilikdir. Təbii ki, burada insanların qayda-qanuna əməl etməməsi, insanların hökümətin çağırışlarına inanmaması rol oynayır. Amma bu da vətəndaşların özünün günahı deyil, son 30 ilə yaxın bir müddətdə yalnız eyni siyasi partiya, eyni şəxslər hakimiyyətdə olub. Bu cəmiyyəti də elə onlar yetişdirib. İnsanların sağlamlıq məsələlərinə rekasiyaları, insanların təhsili , dünyagörüşü məhz bu hakimiyyətin dövründə fəliyyət göstərmiş KİV, TV vasitəsilə formalaşıb. Bu insanların təhsilləri YAP-ın hakimiyyətdə olduğu dövrdə formalaşıb və buna görə də insanların hətta qayda-qanuna əməl etməməsi, insanların müxtəlif formalarda qaydalardan yayınmağa çalışması, insanların hakimiyyətə inanmaması sadəcə insanların günahı deyil.

Amerikanın Səsi: Bunu idaretmənin zəifliyi, yoxsa insanların qayda-qanuna əməl etməməsi ilə izah etmək olar. Çıxış yolunu nədə görürsünüz?

Əgər uğurlar olanda bunu hakimiyyətin adına yazırlarsa, uğursuzluqların da məsulliyyəti daha çox hakimiyyətin üzərinə düşür.

Bəxtiyar Hacıyev: Bunu əlavə etmək istəyirəm ki, əgər qonşu Gürcüstanda yoluxmalar tək rəqəmdə saxlanılırsa, gündəlik yoluxmalar aşağı həddə saxlanılırsa və bu Azərbaycanda 3 rəqəmli həddədirsə, gündəlik olaraq 500 nəfərdə yoluxma aşkarlanırsa və bu temp azalmırsa ən yaxşı halda sabit saxlanılırsa bütün karantin tədbirlərinə görə sadəcə Azərbaycan vətəndaşlarını qınamaq olmaz. Düşünürəm ki, Azərbaycan hakimiyyəti düşünməldir ki, bizim səhvlərimiz hardadır və məsuliyyəti insanlarla bölüşməlidir. Çünki, pandemiya ilə mübrizədə çox kiçik də olsa uğurlar qazananda insanlar, xüsusilə də hökümətyönümlü şəxslər, deputatlar bütün bu uğurlu addımları ölkə başçısının adına yazırdılar. Bəziləri də təklif edirdilər ki, ölkə başçısı milli qəhrəman elan edilməlidir. Bəziləri bəyanatlar səsləndirirdilər ki, koronavirus Azərbaycan dövləti qarşısında diz çökdü və s. Amma rəqəmlər artanda, 500-ün üzərində yoluxma halı qeydə alınanda artıq hakimiyyət birmənalı olaraq vətəndaşları qınamağa başladı. Bu da mən düşünürəm ki, ziddiyyətli yanaşmadı. Əgər uğurlar olanda bunu hakimiyyətin adına yazırsa həmin şəxslər, uğursuzluqların da məsulliyyəti daha çox hakimiyyətin üzərinə düşür.

Amerikanın Səsi: Hökumət pandemiya dövründə vətəndaşlara layiqincə qayğı gəstərdiyini bildirir. Siz necə hesab edirsiniz?

Hökümət pandemiya dövründə vətəndaşlara yaxşı qiymət, qayğı gəstərdiyini bildirsə də mən bununla razı deyiləm.

Bəxtiyar Hacıyev: Hökümət pandemiya dövründə vətəndaşlara yaxşı qiymət, qayğı gəstərdiyini bildirsə də mən bununla razı deyiləm. Çünki ölkədə işsizlərin sayı kifayət qədərdir və biz gördük ki, gün ərzində Sosial Müdafiə Nazirliyinin saytına müraciətlər olur. Bu müraciətlərin böyük bir əksəriyyətinə müsbət cavab verilmədi. Çox mənasız və absurd əsaslandırmalarla. Bir çoxları hətta 190 manatlıq sosial müavinətdən belə məhrum oldular. Bizneslərə verilən dəstəklərə iş adamları, şirkət rəhbərləri, sahibkarlar razı deyillər. Onlar bildirirlər ki, bu yardımlar bir ay, ən yaxşı halda 2 ay onların problemlərini həll edə bilər. Amma karantin müddəti kifayət qədər uzanıb, bundan sonra nə qədər uzanacağı bəlli deyil. Bu yaxınlarda prezidentin köməkçisinin operativ qərargahın brifinqində Azərbaycanı Gürcüstanla müqayisə etməsini və Azərbaycandakı sosial müdafiə paketinin Gürcüstandan daha geniş olduğunu qeyd eləmişdi və mən bunu əsas götürərək Gürcüstanda bir ailənin və Azərbaycandakı bir ailənin hansı yardımlar almasını göstərmişdim. Bununla da göstərmişdim ki, hətta Azərbaycan Gürcüstandakı sosial müdafiə paketindən belə dəfələrlə daha zəif və az bir dəstək göstərib vətəndaşlara. Halbuki Azərbaycanın imkanları daha çox idi ki, bu dövlət nəzarətində olan resurslardan istifadə edərək vətəndaşlara çox yaxşı bir qayğı göstərilsin. Vətəndaşlar da bunu əsas götürərək bir müddət qaydaları pozmadan evdə qalsınlar və koronavirusun qarşısı alınsın. Amma biz bunun tam əksini gördük. Vətəndaşlar görəndə ki, 5 işsiz olan bir ailədə bir nəfərə 190 manat verilir, yerdə qalan şəxslərə müxtəlif bəhanələrlə yardım edilmir. Həmin insanlar təbii olaraq düşünürlər ki, biz evdə qala bilmərik. Çünki onların bir çoxu günəmuzd işləyirlər. Onlar müxtəlif yollarla, müxtəlif bəhanələrlə qaydaları pozmağa məcbur olurlar və koronavirus da yayıldı. Əlavə bir məsələni də qeyd etmək istərdim, pandemiya dövründə 4 bankın bağlanması və həmin bankda əmanətləri olan şəxslərin yalnız Beynəlxalq Bank və Kapital Banka yönləndirilməsi banklarda da işi kifayət qədər çətinləşdirdi. Bir çox əməliyyatlar var ki, banklarda da vəziyyəti kifayət qədər çətinləşdirdi. Bir çox əməliyyatlar var ki, banklarda on-line şəkildə aparıla bilərdi. Hakimiyyət nədənsə bu əməliyyatlara məhdudiyyət gətirdi. İnsanlar məcbur oldular ki, əmanətləri olanda insanlar məcbur oldular ki, bağlanan banklardan çox sadə arayışların alınması üçün gedib birinci növbədə orada saatlarla növbədə dayansınlar sıx bir şəkildə. Sonra digər banklara gedib oradan ərizə forması götürsünlər və öz əməliyyatlarının qaytarılması ilə bağlı. Bu kimi qərarlar əslində koronavirusun yayılmasına çox böyük töhfə verdi. Belə bir yerdə də sual yaranır ki, pandemiya dövründə bankları sağlamlaşdırmaq və ya onların bağlanmasını müəyyən bir müddət ertələmək mümkün idisə belə bir vaxtda onların bağlanması kimin günahıdır və ümumiyyətlə bunu pis idarəçilik saymaq olarmı? Mən düşünürəm ki, bəli pis idarəçilik saymaq olar. Doğru qərarların verilməməsini nümunə kimi göstərmək olar. Məhz belə onlarla fərqli qərarlar oldu ki, insanların sıx bir yerə toplaşmasını təmin etdi və koronvirusun əhali arasında geniş yayılmasına səbəb oldu.