Böyük texnologiya şirkətləri ABŞ-da yalnız peyvənd olmuş işçilərin ofisə qayıtmasına icazə verəcək

ABŞ-da koronavirusun yüksək yoluxucu versiyası olan Deltan geniş yayıldığı bir vaxt, böyük texnologiya şirkətləri işçilərinin ofislərə qayıtmadan əvvəl COVID-19-a qarşı vaksin vurdurmasını məcburi edəcək.

Google-un ana şirkəti olan Alphabet Inc. və Facebook Inc. çərşənbə günü bildiriblər ki, onların ABŞ-dakı işçilərinin ofisə qayıtmaları üçün peyvənd olmaları tələb olunacaq.

Google həmçinin yaxın aylarda vaksinasiya tələbini digər ölkələrdə də tətbiq etməyi planlaşdırır.

"Deadline"nın məlumatına görə, video yayım nəhəngi Netflix də ABŞ-dakı bütün çəkiliş heyətləri üçün peyvənd vurmağı məcburi edəcək.

Bloomberg News xəbər verir ki, Apple şirkəti ABŞ-dakı satış mağazalarının əksəriyyətində həm müştərilər, həm də işçilər üçün maska taxmaq tələbini bərpa etməyi planlaşdırır.

Apple və Netflix bununla bağlı şərh istəyinə hələ ki, cavab verməyib.

Microsoft və Uber də daxil olmaqla bir çox texnologiya şirkəti işçilərin pandemiya səbəbindən tətbiq olunan qapanmalar çərçivəsində aylar boyu evdən işləmələrinin ardınca artıq iş yerlərinə qayıtmalarını gözlədiyini bildirir.

Salesforce şirkəti aprel ayında peyvənd olmuş əməkdaşlarının bəzi ofislərə qayıtmasına icazə verəcəyini bildirmişdi.

Google həmçinin çərşənbə günü bildirib ki, müxtəlif regionlarda Delta versiyasının artması səbəbindən dünya boyu əməkdaşları üçün tətbiq olunan evdən işləmək tələbi oktyabrın 18-ə qədər uzadılıb.