Müsahibim Nyu-York ştatında mühacirət məsələlərilə məşğul olan hüquqşünas Valera Panesdir.
Sual: Amerikada qanunsuz yaşayan mühacirlərlə bağlı yeni siyasət başlanıb. Bu siyasət konkret olaraq nədən ibarətdir?"
Cavab: Bu saat Amerikada 10 milyondan çox sənədsiz və ya qanundan kənar yaşayan mühacir var. Hətta deyirlər ki, onların sayı 20 milyona qədərdir və Amerikanın mühacirətla bağlı qanununa görə onlar ölkədən deportasiya edilməlidirlər. Hal-hazırda 300 min mühacir deportasiya olunmaqlarını gözləyir və son illərdə hər il təxminən 400 min mühacir deportasiya edilir. Mühacirlərin deportasiyası çox çətin və xeyli vaxt aparan prosesdir. Bundan da başqa, iqtisadi cəhətdən ölkəyə ziyan vurur, belə ki, hər bir mühacirin deportasiyası təxminən 23 min dollara başa gəlir. Mühacirətlə bağlı problemi aradan qaldırmaq üçün xüsusi memorandum hazırlanıb və bu memorandum deportaisya siyasətində yeni qaydaların toplusudur.
Sual: Nəyə görə mühacirətlə bağlı bu memarandum məhz indi çıxıb?
Cavab: Ölkədə azı 10 milyondan çox qeyri-qanuni mühacirin olması bir problemdir və bu problemlə nə isə etmək lazimdir və Amerikanın sabiq prezidenti Corc Buş həmişə deyərdi ki, ölkədə mühacirətlə bağlı islahatlar həyata keçirilməlidir. Baxmayaraq ki, Konqresdə mühacirətlə bağlı bir neçə hazır islahat layihəsi var, onlar həyata keçirilmirdi və nəhayət islahatla bağlı yeni memorandum hazırlandı.
Sual: Hər hansısa cinayət törədən mühacirlərlə qanuna riayiət edən mühacirlərə fərq qoyulacaq?
Cavab: Əlbəttə. Hökumət deportasiya işlərini iki yerə bölür. Yüksək dərəcədə deportsayaya layiq işlər və aşağı dərəcəli deportasiyaya layiq işlər. Yüksək dərəcəli deportasiya siyahısına həbs edilən, cinayət törədən, ölkə üçün təhlükə yaradan, ölkəyə təzəlikdə gələn qanunsuz mühacirlər, mühacirət qanunlarını dəfələrlə pozan, məhkəmələrdən yayınan mühacirlər salınır və əlbəttə ki, bu cür mühacirlər mütləq deportasiyaya məruz qalacaqlar. İkinci, yəni aşağı dərəcəli deportasiya siyahısına isə cinayət törətməyən mühacirlər düşür. Məsələn bəzi insanlar uşaq ikən valideyinləri tərəfindən ölkəyə gətirilmiş mühacirlərdir ki, o vaxtdan ölkədə qalıblar. Bundan sonra siyahıya hamilə qadınlar, zora məruz qalmış, ciddi xəstəliyi olan mühacirlər və ya ailə üzvlərindən kimsə xəstə olan ailələr salınır. Sonra orta məktəbi Amerikada bitirmiş mühacirlər əgər təhsillərini davam etdirmək istəyirlərsə, və ya mühacirin həyat yoldaşının, uşağının və ya valideyninin yaşıl kartı (Green Card) varsa, bu, nəzərə alınmalıdır. Bu cür mühacirlər deportasiyadan azad oluna bilərlər.
Sual: Amerikada təhsilini bitirdikdən sonra qeyri-qanuni mühacirə çevrilən tələbələr hansı dərəcəyə aid edilə bilərlər?
Cavab: Deportasiya zamanı bu cür insanların Amerikada təhsil almaları müsbət cəhət kimi nəzərə alınacaq. Məhkəmə zamanı hətta qərar çıxarıla bilər ki, ikinci dərəcəyə aid mühacirə işləmək üçün icazə verilsin. Amma yenə də məlum deyil bu mühacir nə vaxta kimi bu statusda qala bilər, ya da gələcəkdə nə olacaq. Çünki deyirlər ki, bu iş icazəsi müvəqqəti olacaq.