Bəzi dövlətlər Azərbaycanda dini vəziyyətə təsir etməyə çalışır

Bəzi dövlətlər Azərbaycanda dini vəziyyətə təsir etməyə çalışır

Azərbaycanda 90-cı illərdə xarici dövlətlər çoxsaylı qanunsuz dini təyinatlı binalar tikib. Azərbaycan hökuməti qanunsuz dini təyinatlı tikililəri bundan sonra da sökəcəyini bildirib.

Azərbaycan hökuməti vətəndaşların vicdan azadlığını tam şəkildə təmin edib və dini durumu nəzarətdə saxlayır.

Bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O eyni zamanda deyib ki, ölkədə dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər və kiçik qruplar da var. “Bəzi dövlətlər Azərbaycandakı dini azadlıqdan istifadə edərək dini vəziyyətə təsir göstərməyə cəhd edir. Onların təsirləri çox kiçikdir. Dövlət və cəmiyyət bu qrupları inkar edir. Hesab edirəm ki, yaxın zamanlarda həmin kiçik qruplar da aradan qalxacaq”. Lakin komitə sədri hər hansı dövlətin adını çəkməyib.
Cənab Orucov qanunvericiliyə dəyişiklik olunduqdan sonra dini icmaların qeydiyyatının davam etdiyini deyib. “İndiyədək 794 dini qurum qeydiyyat üçün komitəyə müraciət edib. 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib. Onların 15-i islam, 9-u qeyri islam təmayüllüdür. Qanuna görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlaya bilər”.
Komitə sədri 90-cı illərdə yaradılmış dini icmaların bir çoxunun təyinatının, üzvlərinin tərkibinin dəyişdiyini deyib. O, fəaliyyətsiz və təyinatını dəyişən dini icmaların ləğvinə başlanacağını bildirib. “Biz bu dini icmaların fəaliyyətinin dayandırılması məqsədilə məhkəmələrə müraciət edəcəyik”, - o vurğulayıb.
Cənab Orucov ölkəyə qeyri-qanuni yolla dini ədəbiyyatın gətirilməsinin və çapının qarşısının alındığını deyib. “Ötən il dinşünaslıq ekspertizası üçün komitəyə 2391 adda dini ədəbiyyat təqdim olunub və onlardan 385 qərəzli kitabın yayılmasının qarşısı alınıb. Bu il avqustun 1-dək isə ekspertizaya 993 ədəbiyyat təqdim edilib və onun 125-nin yayılmasına icazə verilməyib”.

O bildirib ki, Azərbaycanda qanunvericiliyə edilmiş dəyişikliyə görə, bundan sonra ölkədə dini binaların tikintisi, təmiri və bərpası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi rəyi nəzərə alınmaqla aparılacaq. “Artıq komitənin nəzdində bu məqsədlə müxtəlif qurumların təmsil olunduğu şura yaradılıb. Şura dini binanın tikintisi üçün vəsaitin mənbəyini, dini binanın tikiləcəyi yeri, əhalinin fikrini öyrəndikdən sonra tikinti üçün rəy verir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 90-cı illərdə xarici dövlətlər və yerli maraqlı şəxslər tərəfindən çoxsaylı dini təyinatlı binalar tikilib. “Bu illərdə Küveyt dövləti 73, Türkiyə 21, Səudiyyə Ərəbistanı 1 məscid tikib. Yerli vətəndaşlar tərəfindən də çoxsaylı məscidlər tikilib”.
Cənab Orucov bildirib ki, hazırda Dövlət Komitəsi bu çoxsaylı qanunsuz tikililərin qanuniləşdirilməsi ilə məşğuldur: “Azərbaycanda indiyədək bir məscid belə sökülməyib. Qanunsuz tikililər sökülüb və məscid adı ilə tikiləcək qanunsuz tikililər bundan sonra da söküləcək”.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dəfn mərasimləri haqqında” qanun layihəsi hazırlayıb. “Qanun layihəsi milli adət-ənənə nəzərə alınmaqla digər dövlətlərdə fəaliyyətdə olan qanunlarla uyğundur. Ümid edirəm ki, qanun layihəsi yeni seçilmiş parlamentdə müzakirəyə təqdim olunacaq”.
O sənəddə dəfn mərasimlərinin sadələşdirilməsinin nəzərdə tutulduğunu deyib.
Komitə sədri həmçinin qəbiristanlıq təsərrüfatının da yenilənməyə ehtiyacı olduğunu bildirib. “Bu sahə dini komitənin səlahiyyətlərinə aid deyil. Amma hesab edirik ki, qəbiristanlıq təsərrüfatının yenilənməsinə və müasir qaydalara uyğunlaşdırılmasına ehtiyac var”.

O Azərbaycanda nəzir qutularına Qafqaz Müsəlmanları İdarəsinin nəzarət etdiyini deyib. “Amma onlar da nəzir qutularının hamısına nəzarət edə bilmir. Hazırda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə nəzir qutuları və ziyarətgahlarla bağlı məsələlərin üzərində işləyir. Yaxın zamanda ziyarətgahlar da dini icma kimi qeydiyyata alınacaq və nəzirlərin təyinatı üzrə xərclənməsi təmin olunacaq”.

Cənab Orucovun dediyinə görə, ölkədə 500 ziyarətgah fəaliyyət göstərir və bunların 50-si vətəndaşlar arasında tanınıb.
Komitə sədri eyni zamanda Quran kurslarının təşkili, dini təhsil məsələlərinin də həllini tapdığını bildirib