Milli Məclis 2017-ci ilin dövlət büdcəsini təsdiq edib

Dekabrın 16-da Milli Məclis 112 səs “lehinə”, 3 səs “əleyhinə” olmaqla 2017-ci ilin dövlət büdcəsini qəbul edib.

Dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat (ÜDM-in 26%-i) həcmində proqnozlaşdırılır. 2016-cı illə müqayisədə azalma 867 mln. manat (5,2%) təşkil edib.

Dövlət büdcəsinin xərcləri 16 mlrd. 600 mln. manat (ÜDM-in 27%-i) səviyyəsində proqnozlaşdırılır. 2016-cı illə müqayisədə azalma 1 mlrd. 895 mln. manat (10,2%) təşkil edib.

Büdcə kəsiri 645 mln. manat (1 mlrd. 28 mln. manat– 61,4%) təşkil edəcək.

Dövlət Neft Fondundan transfertlər 6 mlrd. 100 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 1 mlrd. 515 mln. manatdan az və ya 19,9% təşkil edib.

Neft sektorundakı gəlirlərin dövlət büdcəsində xüsusi çəkisi 49,2% (7 mlrd. 855 mln. manat) təşkil edib. Bu göstərici 2016-cı ildə olduğundan 14,9% azdır.

Müdafiə xərcləri 2,8 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da dövlət büdcəsinin bütün xərclərinin 16,7%-ni təşkil edir. 2016-cı illə müqayisədə 2,9% (77 mln. manat) çoxdur.

Milli Məclisin və onun aparatının saxlanması xərcləri layihənin ilkin variantı ilə müqayisədə 850 min manat artırılıb və 23 mln. 939 min 714 manat təşkil edəcək.

ÜDM artımı 1% səviyyəsində proqnozlaşdırılır və 61,4 mlrd. manat təşkil edəcək.

2017-ci ildə inflyasiya 7,3%-dək proqnozlaşdırılır.

Dövlət büdcəsi bir barel neftin qiyməti 40 dollar hesabı ilə formalaşlıb.

Maliyyə naziri Samir Şərifov deyib ki, dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatların verdiyi təkliflər hökumət tərəfindən ətraflı təhlil edilib.

“Ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub. Mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur. Bəzi deputatlar Gənclər Fondunun vəsaitinin digər illərə nisbətən 2017-ci ildə kəskin azalması ilə bağlı narahatlıqlarını bildirmiş, həmin vəsaitin cari ildəki səviyyədə saxlanılmasını təklif etmişdilər. Qeyd edim ki, 2012-2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni, bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatını yaxşılaşdırmaq üçün həmin illərin dövlət büdcəsindən üst-üstə 74 milyon manat vəsait ayrılıb. 2017-ci ilin dövlət büdcəsində gənclər siyasətinə aid olan xərclər cari ildəki səviyyədə yəni, 11,5 milyon manat səviyyəsində saxlanılır. Bunları nəzərə alaraq, deyə bilərəm ki, dövlət büdcəsi layihəsindən Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır. Əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilmir”, nazir qeyd edib.