Bu il dünyada 3000-dən çox miqrant həyatını itirib 

Beynəlxalq Miqrantlar Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatı yaydığı məlumatda bildirir ki, bu il azı 3144 miqrant həyatını itirib.

Beynəlxalq Miqrasiya Təşkilatı isə qeyd olunan miqrant ölümlərinin sayının rəsmi rəqəmlərdən daha çox ola biləcəyini bildirir. Təşkilat on minlərlə insanın səhralarda, cəngəlliklərdə və dənizlərdə təhlükəli səyahətlərə çıxdığını deyib. Mindən çox şəxs bu səyahətdən sağ çıxmır, ancaq onların ölümləri qeydə alınmır.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, bu il qeydə alınan qlobal miqrant ölümlərinin ümumi sayı əvvəlki illərə nisbətən daha azdır. Lakin bu il miqrantların istifadə etdiyi bəzi marşurutlarda ölüm sayı əhəmiyyətli dərəcədə artıb.

Təşkilatın sözçüsü Pol Dillon bildirir ki, 2018-ci ildə 45 ölümlə müqayisədə İspaniyanın Kanar adalarına gedən yolda bu il ən az 593 ölüm halı qeydə alınıb. Dilon deyir ki, "Cənubi Amerikada da bu il əvvəlki illərə nisbətən yüksək ölüm halları qeydə alınıb. Ötən il bu rəqəm 40 idisə, bu il 104 nəfər qeydə alınıb. Üstəlik miqrantların əksəriyyətini venesuelalılar təşkil edir".

"Bu rəqəmlərə keçən həftə sonu Venesuela sahillərində boğulan azı 23 nəfər də daxildir. ABŞ - Meksika sərhədində də təxminən 381 kişi, qadın və uşaq həyatını itirib" - deyə, Dilon əlavə edib.

Pol Dillon bildirdiyinə görə, Avropada miqrasiya marşrutunda da ən yükəsk ölüm halları qeydə alınıb - 1700-dən çox. O, ölümlərin əhəmiyyətli bir hissəsinin Afrikadan gələn köçərilərin təşkil etdiyini vurğulayıb.

Dillon deyib ki, miqrantlar sadəcə statistika deyil. Xüsusilə koronavirus dövründə miqrantlar arasında getdiyi ölkələrə əhəmiyyətli töhfə verən insanlar var.

"Hər gün gördüyümüz səhiyyə müəssisələri, qocalar evlərindəki həkim, tibb bacıları və onların köməkçilərinin bir çoxu COVID-19 pandemiyası zamanında virusa tutalan insanları xilas etmək üçün uzun saatlarla işləyən miqrant işçilərdir" - deyə, Dillon əlavə edib.

Dillon deyib ki, miqrantlar şərlənmək və ayrıseçkiliyə məruz qalmaq əvəzinə qəbul edildikləri cəmiyyətlərə göstərdikləri xidmətlərinə və faydalı rollarına görə alqışlanmalıdır.