Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlanıb

COVİD-19 vaksini

Mayın 10-dan Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Bu barədə məlumatı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib.

Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanıb. Bundan öncə yaşı 40-dan yuxarı olanlara koronavirusa qarşı peyvənd vurulurdu.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə bundan ötrü 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var).

Həmçinin Azərbaycana az miqdarda "Vaxzevria" və "Sputnik V" vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 687 min 397-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 5 min 678, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 681 min 719 nəfərə çatıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.