Britaniya və Avropa İttifaqı Brexitlə bağlı razılıq əldə edib

Britaniya və Avropa İttifaqı cümə axşamı Avropa Şurası sammitindən öncə Brexitlə bağlı razılıq əldə edib. Həmin sammitdə razılıq təsdiq olunmalıdır.

Lakin baş nazir Boris Conson razılığı şənbə günü Britaniya parlamentinə təqdim edib, onların dəstəyini almalıdır. Parlamentin razılığı təsdiq edib etməyəcəyi isə bəlli deyil.

Britaniyanı razılıq olsa da olmasa da Avropa İttifaqından çıxaracağına söz verən Conson “Biz nəzarəti geri alan yeni gözəl razılıq əldə etdik. İndi parlament şənbə Brexiti həll etməlidir” - deyə, Twitter səhifəsində yazıb.

Avropa İttifaqı rəsmiləri Avropa Şurasının sammitində böhrandan yayındıqlarına görə şaddırlar. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Aİ-nın digər 27 liderini razılığı təsdiqləməyə çağırıb.

"İstəyəndə razılıq olur – Biz razılıq əldə etdik. Bu razılıq Avropa İttifaqı və Britaniya Krallığı üçün ədalətli və balanslaşdırılmışdır", Yunker Twitter-də yazıb.

İlkin razılıq Britaniyanın ittifaqı tərk etməsi üçün oktyabrın 31-ə təyin olunan son möhlətdən bir neçə həftə öncə əldə olunub.

Aİ-nın baş vasitəçisi Mişel Barnier deyib ki, "biz tək bazarın bütövlüyünü qoruyacaq həll yolları tapmağa nail olmuşuq".

"Bu, Avropa İttifaqı, Birləşmiş Krallıq və Şimali İrlandiyadakı insanlar və bizneslər üçün əlverişli həll yoludur", o əlavə edib.

Consonun Mühafizəkarlar Partiyasından neçə qanunvericinin razılığı dəstəkləyəcəyi bəlli deyil.