Britaniya rəsmisi Liviyada təxminən yarım milyon insanın Avropada daha yaxşı həyat şəraiti tapmaq üçün Aralıq dənizini keçməyə hazır olduğunu deyib.
Britaniyanın HMS Bulwark hərbi gəmisinin kapitanı Nik Kuk-Prist bildirib ki, Liviyada 450 mindən 500 minə qədər miqrantın Aralıq dənizini keçmək üçün sərhəddə gözlədiyinə işarələr var.
Britaniyanın Müdafiə nazirliyi vertolyotun miqrantların gəmilərinin təhlükəli şəraitdə olduğunu qeyd etməsindən sonra təxminən 500 nəfəri xilas etmək üçün hərbi gəminin hadisə yerinə gönədirildiyini bildirib.
Eyni zamanda, Liviya sahilindən üç müxtəlif əməliyyat zamanı 316 miqrantı daşıyan İtaliyanın sahil mühafizə gəmisi Lampeduza limanında lövbər salıb.
Bu əməliyyatlar, şənbə günü İtaliya, Britaniya, İrlandiya və başqa ölkələrin hərbi dəniz gəmilərinin Liviya sahillərində 3 min 500 miqrantı xilas etməsindən sonra keçirilb.
Müşahidəçilərin bildirdiyinə görə, son zamanlar miqrantların Aralıq dənizini keçmək üçün təhlükəli səfərlərə çıxmasının əsas səbəbi Liviyda vəziyyətin pisləşməsi ilə əlaqədardır. Miqranların böyük hissəsi Suriya, Nigeriya, Mali və Eritreyada müharibə, siyasi təqiblər və iqtisadi vəziyyətin pisləşməsindən qaçan insanlardır.