Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verdi

Britaniyalılar bu gün az fərqlə Avropa İttifaqından çıxmağa səs verdi. Bir çox Avropa liderləri bu tarixi addımı böyük səhv adlandırıb.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Britaniya dünyanın ən nəhəng tək bazarı olan Avropa Birliyindən çıxmaqla səhvə yol verib.

“Bunun nəticələri olacaq və düşünmürəm ki, digər ölkələr də bu kimi təhlükəli addım atacaq” deyə prezident bildirib.

NATO-nun Baş Katibi Yens Stoltenberq Britaniyanın NATO-nun güclü və etibarlı müttəfiqi olmaqda davam edəcəyinə əmin olduğunu və alyansda özünün lider kimi rolunu davam etdirəcəyini bildirib.

Fransa prezidenti Fransua Holland Britaniyanın belə bir qərar qəbul etməsindən təəssüf hissi keçirdiyini bildirib, amma deyib ki, "seçim onların seçimidir və biz onların seçiminə hörmətlə yanaşmalıyıq."

Rəsmi Tvitter hesabında bölüşdüyü mesajında Almaniyanın vitse-kansleri Siqmar Qabriel britaniyalıların seçimini Avropa üçün "xoşagəlməz bir gün" adlandırıb.

Fransa xarici işlər naziri Jan-Mark Ayrault da Tvitter hesabında seçimdən məmnun olmadığını ifadə edib.

“Avropa yoluna davam edəcək, lakin ictimayyətin etimadını yenidən qazanmalıdır. Bu, vacibdir.” - deyə Ayrault bildirib.

Referendumda qeydiyyatdan keçmiş seçicilərin 70 faizi iştirak edib. Qərar cəmi dörd faiz fərqlə qəbul olunub. Avropa İttifaqından çıxmağı dəstəkləyənlər referenduma britaniyalıların mühacirət, suverenlik, təhlükəsizlik və Britaniya iqtisadiyyatının gələcəyinə dair baxışlarının ifadəsi kimi baxır.